Azərbaycanda koronavirus testini harada verə bilərəm? - 5 suala cavabda
Azərbaycanda koronavirusa yoluxanların sayı artdıqca, Covid-19 testindən keçmək istəyən şəxslərin sayı da artır. Azərbaycanda koronavirus testindən necə keçmək olar? Testdən keçmək üçün hansı şərtlər var? Bunun üçün ödəniş tələb olunurmu?
Sehiyye.info BBC yə istinadən Covid-19 testi ilə bağlı bu və digər suallara cavabları toplayıb.
Hazırda Azərbaycanda iki cür koronavirus testi aparılır. Bunlardan biri burundan və ağız boşluğundan yaxma götürülməklə, digəri isə seroloji test vasitəsilə, yəni qan analizi verməklə aparılır.
Burun və ağız boşluğundan götürülən yaxma sizin hazırda Covid-19 infeksiyası daşıyıb-daşımadığınızı göstərir.
Seroloji test isə, indiyədək nə vaxtsa koronavirusa yoluxub-yoluxmadığınızı müəyyən edir.
Koronavirus testini harada verə bilərəm?
Əgər özünüzdə koronavirus əlamətləri hiss edirsinizsə, bu zaman təcili tibbi yardıma zəng etməlisiniz. Bundan sonra, sizdən koronavirus testi götürüləcək.
Xaricə səfər edirsinizsə, bu zaman sizdən məcburi qaydada Covid-19 testinin cavabları tələb olunacaq. Testdən keçmək üçün sərnişinlərə 3 özəl laboratoriya - İnci laboratoriyası, Referans klinikası və Memorial Klinik təklif olunur.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sözçüsü Rəvanə Əliyeva söyləyib ki, "bu laboratoriyaların müayinəyə görə nəticələri dövlət tərəfindən təsdiqlənib", lakin o, bu tibb müəssisələrinin hansı meyarlara əsasən seçilməsi ilə bağlı suala cavab verməyib.
Laboratoriyalardan verilən məlumata görə, sərnişinlər uçuşdan 2 gün əvvəl şəxsiyyət vəsiqəsi və uçuş bileti ilə klinikaya gedərək test verməlidirlər.
Əgər özünüzdə hər hansı əlamət hiss edir və təcili tibbi yardım vasitəsilə test vermək istəmirsinizsə və ya koronavirus əlaməti hiss etmədən Covid-19 testi vermək istəyirsinizə, yenə bu klinikaların xidmətindən yararlana bilərsiniz.
İnci laboratoriyası və Memorial Klinik burundan və ağız boşluğundan yaxma götürülməklə və qan verməklə Covid-19 testi aparır.
Referans klinikası isə onlarda ancaq yaxma götürülməklə test aparıldığını bildirsə də, müəssisənin nümayəndəsi "hazırda reaktivlər bitdiyi üçün ancaq xaricə səfər edənləri test etdiklərini" deyib.
Test cavabım nə vaxt bilinəcək?
Təcili tibbi yardım vasitəsilə verilən Covid-19 testinin cavabı müraciət sıxlığından asılı olaraq bir neçə günə verilir.
Özəl klinikalarda verdiyiniz testlərin cavabı isə testin növündən asılı olaraq həmin gün və ya 48 saat sonra verilə bilər.
Koronavirus testiüçün pul ödəməliyəmmi?
Əgər təcili tibbi yardıma müraciət etmisinizsə, bu zaman sizdən test götürülməsi üçün hər hansı ödəniş tələb olunmur.
Xaricə səfər edirsinizsə, bu zaman testi özəl klinikalarda etdirməli və bunun üçün ödəniş etməlisiniz.
Özəl klinikalarda burun və ağız boşluğundan götürülən yaxma vasitəsilə aparılan testin qiyməti 100-130 manat, qan vasitəsilə aparılan testin qiyməti isə 40-50 manat arasında dəyişir.
Test cavabım müstbət çıxsa nə olacaq?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sözçüsü Rəvanə Əliyeva deyir ki, bütün hallarda aparılan testlərin nəticələri qurumun sisteminə daxil edilir.
Onun sözlərinə görə, əgər vətəndaşın Covid-19 testinin cavabı müsbət olarsa, o, xəstəliyi simptomsuz keçirdiyi halda karantin bölgəsinə, ağır keçirdiyi halda isə xüsusi rejimli xəstəxanalara yerləşdirilir və müalicə edilir.
Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı 13 mini keçib, 160-dan çox şəxs vəfat edib.
İndiyədək ölkə üzrə 420 mindən çox Covid-19 testinin aparıldığı bildirilir.