Bu aylar pandemiya üçün ən pis dövr ola bilər
“Microsoft”un qurucusu Bill Qeyts ABŞ-da izolyasiya rejiminin 2022-ci ilə qədər davam edəcəyini təxmin edir.
Publika.az xəbər verir ki, o, bu barədə “Daily Mail”ə danışıb. Milyarder COVID-19 pandemiyasının nəticələrinin yaratdığı böhranın nə qədər ciddi olacağı sualına cavab verib. İş adamının fikrincə, növbəti dörd-altı ay bütün pandemiya üçün ən pis dövr ola bilər. O, koronavirusla mübarizə üçün görülən sərt tədbirləri, o cümlədən özünütəcrid rejiminin tətbiq olunmasını, kafe və restoranlara qadağa qoyulmasını dəstəkləyib.
“Proqnozlara görə, daha 200 000 nəfər koronavirusdan ölə bilər. Maska taxıb məsafəmizi saxlasaydıq, ölümlərin əksəriyyətindən qaça bilərdik!”, - Qeyts deyib.
İş adamı vəziyyətin kütləvi peyvənd başlamasından bir müddət sonra, yəni 2021-ci ilin yayına kimi normallaşacağına inanır. Eyni zamanda, virusa yoluxma riskinin 2022-ci ilə qədər yüksək olacağına əmindir.
Xatırladaq ki, 9 dekabrda Qeyts altı istehsal şirkətinin gələn yaza qədər koronavirus peyvəndini istifadə etməyə hazır ola biləcəyini bildirmişdi. Onun sözlərinə görə, yaxın gələcəkdə “AstraZeneca”, “Johnson & Johnson”, “Novavax”, “Pfizer-BioNTech” və “Moderna” peyvəndləri təsdiq ala bilər.
Peyvənd istehsalçıları olan “Pfizer-BioNTech”, “Moderna” və “AstraZeneca” bir neçə həftə əvvəl qeydiyyat prosesinə başlayıb.