Yeni növ koronavirusa yoluxanların 80 faizində nevroloji əlamətlər özünü göstərir
Artıq on aydır ki, yeni növ koronavirus (COVID-19) infeksiyası qorxulu kabus kimi həyatımıza daxil olub. Dünyanı dolaşan təhlükəli infeksiya ilə mübarizə aparmaqla yanaşı, öz həyat tərzimizi də ona uyğunluşdırmalıyıq.
AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Hospitalının həkim-kardioloqu Tamilla Əliyeva risk qrupuna daxil olanların COVID-19 virusundan necə qorunması haqqında deyib: “Payız-qış aylarında digər respirator xəstəliklər kimi, COVID-19 infeksiyasının da geniş yayılacağı gözlənilən idi. Mövsüm xəstəlikləri payızdan qışa keçən dövrdə artdığına görə COVID-19-a yoluxanların sayı hər yerdə olduğu kimi, ölkəmizdə də kəskin surətdə artıb. Ona görə yanaşı xəstəlikləri olanlar daha diqqətli olmalıdırlar. Belə ki, hər hansı yanaşı xəstəliyi, məsələn, hipertoniya, şəkərli diabet, böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri, ürək çatışmazlığı, bronxial astma, tənəffüs yolları, qaraciyər, ağciyər, onkoloji və mədə-bağırsaq xəstəlikləri olanlar koronavirusa yoluxarsa, bu, daha ağır fəsadlarla nəticələnə bilər. COVID-19 infeksiyası mərkəzi sinir sistemi və beyində bir çox problemlərin də yaranmasına, ensefalopatiya, insult və digər nevroloji ağırlaşmalara gətirib çıxara bilər. Yeni növ koronavirusa yoluxanların 80 faizində nevroloji əlamətlər bu və ya digər formada özünü göstərir. Öskürək, yüksək temperatur və nəfəs almaqda çətinlik çəkmək kimi əlamətlərlə müşahidə olunan həmin xəstəliyi yaşlı və yanaşı xəstəlikləri olanlar daha ağır keçirir və bu, onların həyatı üçün ciddi təhlükə yaradır”.
Həkim-kardioloq daha sonra deyib: “Ümumiyyətlə, yaşı 70 yaşdan yuxarı olanlar onsuz da risk qrupuna daxildir. Yanaşı xəstəlikləri olanlar arasında isə gəncləri də görmək olur. Ona görə də onlar özlərini daha ciddi qorumalı, ara məsafə saxlamalı və özlərini təcrid etməlidirlər. Risk qrupuna daxil olan xəstələr özlərində koronavirus əlamətləri hiss edən kimi yubanmadan həkimə üz tutmalıdırlar. Xəstəliyi qrip hesab edib özünümüalicəyə üstünlük vermək və tezliklə ötüşəcəyini gözləmək olmaz, çünki, bu qrip olmayıb, yeni növ koronavirus ola bilər. COVID-19 infeksiyasını hər kəs fərqli keçirir, müalicə də fərqli olur. Mütləq vaxtında həkimə müraciət edilməlidir ki, müalicəyə başlanılma gec olmasın. Tutacaqlarda, qapılarda və digər səthlərdə virusun uzun müddət qaldığını nəzərə alaraq, əlləri gözə, ağıza və buruna toxundurmaq olmaz”.
O, fikrini belə yekunlaşdırıb: “Virusun tezliklə öz-özünə çıxıb gedəcəyini gözləmək lazım deyil. Üç qızıl qaydaya - maskadan istifadə, əllərin tez-tez yuyulması və ya spirtlənməsi, ara məsafənin saxlanılmasına ciddi riayət etməklə koronavirus riskini xeyli azaltmaq mümkündür”.