sehiyye.info

Azərbaycanda vaksin müzakirələri: Koronavirusla gələcək mübarizəyə necə hazırlaşırıq?!

Azərbaycanda vaksin müzakirələri: Koronavirusla gələcək mübarizəyə necə hazırlaşırıq?!
COVID–19 vaksini ilk növbədə risk qrupunda olanlara vurulacaq. Dövlət xətti ilə gətirilən bu vaksinlərin pulsuz olması nəzərdə tutulub.

COVID – 19 vaksini ilk növbədə risk qrupunda olanlara vurulacaq. Dövlət xətti ilə gətirilən bu vaksinlərin pulsuz olması nəzərdə tutulub. Hazırda 30 vaksindən cəmi 6-sı 3-cü, yəni sonuncu klinik fazada sınaqlardan keçirilir. Tədqiqatlar davam etdiyindən vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələ fikir söyləmək mümkün deyil.

TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, xeyli müddətdir ki, hansı vaksinin alınacağı, onun kimlərə vurulması ilə bağlı müzakirələr aparılır. Bununla bağlı olaraq bir müddət əvvəl Səhiyyə Nazirliyi tərəfindən işçi qrupu da yaradılıb. Əsas müzakirələr isə daha effektiv olan vaksinin, həmçinin vurulan insalara əlavə təsiri olmayan vaksinin seçilməsi ətrafında gedir:

"İngiltərə-İsveç firması var. Artıq onların vaksinləri cəlbedicidir və çoxsaylı təkliflər oldu. Bu vaksinlər cəlbedici görsənir. Bundan başqa, bildiyiniz kimi Rusiya da "Sputnik V" vaksini hazırlayır, sınaqlar davam edir. Çin firmaları tərəfindən bir neçə vaksin təklif olunub. Daha sonra ABŞ şirkətləri tərəfindən də vaksinlər təklif olunur".
Akif Qurbanovun sözlərinə görə, peyvəndin ilk növbədə risk qrupunda olan insalara vurulması nəzərdə tutulub. Bura əsasən yaşı 65-dən yuxarı olan insanlar və xroniki xəstəliyi olanlar aiddir. Bununla da ölkədəki əhalinin 20 faizinin vaksinasiyası planlaşdırılır:

"Xroniki ağciyər xəstəlikləri, o cümlədən bronxial astma, xroniki ürək-damar xəstəlikləri, böyrək xəstəlikləri, metobolik sindromu olan, şəkərli diabeti olan şəxslər. Bunların hamısı elə qrupdur ki, bunlarda koronavirus infeksiyasından fəsadlaşmalar daha çox olur. Bir də ki, çoxsaylı təmaslarda işləyən şəxslər risk qrupuna daxil edilir. Məsələn, həkimlər, müəllimlər və s." – deyə Akif Qurbanov bildirib.

Peyvəndlərin ilin sonuna kimi hazır olacağı və gələn ildən insanlara vurulacağı gözlənir. Dövlət xətti ilə gətirilən bu vaksinlərin ödənişsiz olması nəzərdə tutulub. Özəl firmalar da vaksinləri alaraq ölkəyə gətirə bilər ki, bunun ödənişli olmasına dövlət qarışmır.//sputnik



REKLAM