sehiyye.info

Pulmonoloq Ədalət Abdullayev: “Karantin zəifləsəydi, gündə 4 yox, 44 min yoluxan olardı” - MÜSAHİBƏ + FOTO

Pulmonoloq Ədalət Abdullayev: “Karantin zəifləsəydi, gündə 4 yox, 44 min yoluxan olardı” - MÜSAHİBƏ + FOTO
Vəziyyət, yumşaq desək, yaxşı sayılmaz. Əvvəla, bu COVID-19 xəstələrinin sayının çox olması ilə əlaqədardır. Ölkəmizdə vaxtında yeni modul tipli xəstəxanalar tikildi, lakin bütün bunlara baxmayaraq, hələ də çarpayı çatışmazlığı yaşanır. Xəstələrin əksəriyyəti, hətta orta ağır vəziyyətdə olanlar belə evdə müalicə almaq məcburiyyətində qalıb”.

Bunu Media.az-a müsahibəsində Mərkəzi Neftçilər Xəstəxanasının şöbə müdiri, pulmonoloq Ədalət Abdullayev ölkəmizdə koronavirusla bağlı mövcud vəziyyəti qiymətləndirərkən bildirib.

Qeyd edək ki, Ə.Abdullayev yüzlərlə xəstəni koronavirus xəstəliyindən müalicə edib və bu günə qədər də buna davam edir. Hətta həkim özü COVID-19-a yoluxanda və xəstəxanada müalicə alanda da pasiyentlərə telefonla məsləhət verib.


O, hazırkı yoluxmanın iyun-iyul ayında müşahidə olunanla kütləviliyinə və daha sürətli yayılmasına görə fərqləndiyini vurğulayıb:

“Deyək, 10 nəfər xəstədirsə, virusu təxminən 50 nəfərə ötürə bilər. Amma 4 min insan 20 min insanı yoluxdura bilər. Fərq gözlə görüləsidir”.

Bu səbəbdən o, virusun aqressivləşdiyini düşünmədiyini deyib:

“Epidemioloji elmə görə virus (mutasiya etməməsi və digər viruslarla birləşməməsi şərtilə) zamanla zəifləyir. Ancaq digər viruslardan fərqli olaraq koronavirusun özünəməxsus xüsusiyyəti var – iki həftə inkubasiya dövrü. İnsanlar xəstəliyin fərqində olmadan onu yayırlar”.

Xəstəliyin “cavanlaşması” məsələsinə gəldikdə isə həkim bunun belə olmadığını deyir:

“Sadəcə xəstələrin çox olmasına görə gənclərin sayı da çoxalıb. Uşaqlar isə əvvəllər olduğu kimi xəstəliyə daha asan dözürlər”.

Ə.Abdullayev xəstəliyin ilk simptomlarında həkimə müraciət etməyin vacibliyini vurğulayıb.

“Dərhal antibiotik qəbul etməyinizə ehtiyac yoxdur. Temperaturun artması antibiotik qəbul etmək üçün bir göstərici deyil. Bu, vücudunuzun virusla mübarizə etdiyini göstərir. Buna mane olmayın. Antibiotiklər yalnız bakteriya florası əlavə olunduqda istifadə edilə bilər, çünki heç bir antibiotik viruslara təsir göstərmir. Eyni zamanda onların istifadəsi immunitet sisteminə mənfi təsir göstərir”.

Həkimin sözlərinə görə, evdə müalicə olunan xəstələr yaşadıqları əraziyə baxan poliklinikalara getməlidirlər, sahə həkimləri də xəstəliyin gedişatını izləməli və müvafiq dərman verməlidirlər. Tənəffüs çatışmazlığı vəziyyətində müalicə xəstəxanada davam etdirilməlidir.

Şöbə müdiri pandemiya ilə mübarizə aparmaq üçün karantin rejiminin zəruri olduğunu deyib:

“Karantin zəifləsə idi, gündə 4 yox, 44 min insan yoluxmuş olardı. Epidemiyaya qarşı tədbirlərin davam etdirilməsi vacibdir”, - deyə o bildirib.

Pandemiyanın azalmasına gəldikdə isə həkim bunun vaksinasiyanın başlanması ilə mümkün ola biləcəyini vurğulayıb:

“Dekabrdan etibarən Avropa ölkələrində, ABŞ-da, Çində vaksinasiya başlayır - bu artıq müsbət bir məqamdır. Gələn ilin əvvəlində proses burada da başlayacaq. Və yalnız yazda koronavirus xəstəliyində kəskin azalma gözləmək olar. Bundan əlavə, daha əlverişli hava şəraiti gələcək”.

Ədalət Abdullayev bir pulmonoloq kimi ağciyərləri qorumaq və ya gücləndirmək üçün istifadə edilə biləcək metodlar barədə tövsiyələrini də verib:

“Hər şeydən əvvəl siqareti tərgitməlisiniz. Hazırda özünüzü yalnız karantin tədbirlərinə riayət etməklə qoruya bilərsiniz. İnsanlarla daha az kontaktda olmaq ən düzgün yoldur. Əgər bu qaçılmazdırsa, “C” və “D” vitaminləri, eləcə də kiçik dozalarda “sink” qəbul edilməlidir. Bu da bədənə artıq daxil ola biləcək virusla mübarizədə immunitet sistemini gücləndirməyə kömək edir”.



REKLAM