Koronavirus: Azərbaycanda ölümlərin sayı 80 mini, Ermənistanda 120 mini keçib
Payız aylarında yenidən artmağa başlayan koronavirus hadisələrinin sayı yeni antirekordlar təsis etməkdədir. İndiyədək Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı ilk dəfə olaraq 80 min həddini keçib, Ermənistanda bu göstərici 120 min ətrafındadır.
Operativ Qərargahın məlumatına əsasən, noyabrın 18-də 2239 yoluxma və 25 ölüm halı qeydə alınıb. Müqayisə üçün: sentyabrın 22-də günlük yoluxmaların sayı 98 olub. Eyni gün ərzində 2 ölüm faktı qeydə alınmışdır.
Ermənistanda son gün ərzində yoluxmaların ümumi sayı 1589 olub, 28 ölüm faktı qeydə alınıb. İnidyədək Ermənistanda ən yüksək yoluxma hallarının sayı (2476) 7 noyabrda qeyd alınıb.
Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, 22 sentyabrda günlük yoluxma hallarının sayı 115 səviyyəsində idi.
Ötən ay Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hərbi əməliyyatlar nəticəsində insanların bir yerdən digərinə köçünün əhalinin sağlamlığı ilə bağlı vəziyyətin pisləşməsinə səbəb olacağı barədə xəbərdarlıq edib.
Azərbaycanda koronovirusun yayılması ilə bağlı qərara əsasən, xüsusi karantin rejimi 1 dekabradək uzadılıb.
Azərbaycan mediasında sosial məsafə və maska taxmaq kimi tələblərə əvvəlki kimi riayət olunmadığı qeyd edilir. Ötən ayın sonunda bu barədə bəyanatla Tibbi Ərazi Bölmələri İctimai Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə İşçi qrupunun rəhbəri çıxış edib.
Vasif Əliyev diqqətin ön cəbhəyə yönəldiyi bir vaxtda koronavirusun yayılmasının artan istiqamətdə davam etdiyini deyib.
Üzlərində tibbi maska olan polis əməkdaşları Yerevanın hərbi komissarlığı qarşısında keşik çəkir
Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin nümayəndəsi deyib ki, əhali qaydalara riayət etmir.
Romella Abovyan rekord rəqəmləri "müharibə bəhanəsi ilə" maska taxmaq, məsafəni saxlamaq və əlləri dezinfeksiya etmək kimi üç tələbə riayət etməməklə bağlayır.
Azərbaycan: karantin qaydaları sərtləşdirilir, metro bağlanır, bütün təhsil müəssisələri tətilə buraxılır
Bu arada azərbaycanlı çağırışçılar ictimaiyətə müraciətində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını almaq üçün karantin rejiminin qaydalarına, tibbi tövsiyələrə və müvafiq təlimatlara riayət edilməsinin vacibliyini bildiriblər.
Hərbi əməliyyatların təsiri
ÜST hərbi əməliyyatların koronavirusun yayılmasına "böyük təsirini" qeyd edir. "Davamlı toqquşmalar nəticəsində insanların bir yerdən digərinə köçü əhalinin sağlamlığı ilə bağlı vəziyyətin pisləşməsinə səbəb olacaqdır", - 22 oktyabrda təşkilatın Avropa üzrə regional direktorunun adından yayılan rəsmi bəyanatda deyilir.
ÜST pandemiya şəraitində davam edən silahlı münaqişənin səhiyyə sisteminə əlavə təzyiq yaratdığını qeyd edir.
"Münaqişə, pandemiya səbəbindən yükü artan səhiyyə sistemini daha da yükləməklə onun işinə birbaşa mənfi təsir göstərir. Bu, ÜST-nin Avropa regionunda COVID-19-a yoluxma hallarının sayının artmağa davam etdiyi bir vaxta təsadüf edir".
İndiyədək Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 80 mini keçib. Ermənistanda bu göstərici 120 min ətrafındadır.
Koronavirus hallarının yenidən artması dünya boyunca da müşahidə olunur. Hazırda 191 ölkədə 55 mln. təsdiqlənmiş yoluxma halı qeydə alınıb, 1,3 milyondan çox insan həyatını itirib. Gün ərzində qlobal səviyyədə 560 mindən çox yeni yoluxma hadisəsi qeydə alınır.
Bir çox Avropa ölkəsinin səhiyyə rəsmiləri yeni hadisələrin və xəstəxanalara müraciətlərin sürətlə artdığını deyirlər. İspaniya bir milyondan çox yoluxma hadisəsini qeydə alan ilk qərbi Avropa ölkəsi olub. Ondan sonra bu həddi Fransa və Britaniya keçib.