Yoluxma zamanı həkimə müraciətin yubanması çox vaxt xəstəliyin qrip olduğunu güman etmək nəticəsində baş verir
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı iki cür psixologiyaya mənsub insanlar var. Bir qrup insanlar ona ümumiyyətlə inanmır, ikinci qrup insanlar isə virus infeksiyasına yoluxmaqdan çox ehtiyat edirlər. Hətta panik atak keçirənlər də var, - deyə Səhiyyə Nazirliyinin işçi qrupunun üzvü Günay Quluzadə qeyd edib.
Sehiyye.info xəbər verir ki, o, karantin dövrünün insanların psixologiyasına təsir etdiyini də bildirib: “Qapanmalar, uzun müddət evdən bayıra çıxmamaq, işə getməmək və ya onlayn qaydada işləmək insanların həm fiziki aktivliyinin azalmasına, həm də stresdən yaranan qidalanma pozğunluğuna səbəb olur. Həmin müddətdə müəyyən əhali qrupu arasında artıq çəki alanlar, az qisim əhali arasında isə çəki itirənlər olur. Bu, qidalanmanın düzgün olmaması nəticəsində yaranan problemlər idi. Əlbəttə, belə həyat tərzinə alışanlar üçün normal həyata qayıtmaq heç də asan olmur. Lakin onlar mütəxəssislərin, o cümlədən psixoloq və psixiatrların yardımı ilə normal həyata qayıtmaq imkanı əldə edə biləcəklər”.
Həmsöhbətimiz risk qrupuna daxil olanlar barədə deyib: “Risk qrupu müəyyən edilərkən müəyyən amillər nəzərdə tutulur. Məsələ burasındadır ki, yaşı 65-dən yuxarı olanlarda həm xroniki xəstəliklər, həm də immun sisteminin zəifləməsi, orqanizmdə maddələr mübadiləsinin zəifləməsi kimi halların olması COVID-19-la mübarizəni xeyli dərəcədə çətinləşdirir. Ona görə həmin yaşdan yuxarı olanlar həssas qrupa daxil edilir. Lakin təkcə onlar deyil, xroniki xəstəlikləri olanlar, immun sistemindən əziyyət çəkənlər, 3 yaşına qədər uşaqlar da risk qrupuna daxil edilirlər”.
O, daha sonra deyib: “COVID-19, qrip və SARS oxşar xəstəliklərdir, onların əlamətləri çox oxşardır. Lakin qrip xəstəliyinin ştamları dəyişir. Hətta bir mövsümdə olan qrip növbəti mövsümdə başqa ştamlarla mövcud olur. Əlbəttə, onlar fərqli xəstəliklər olsa da, oxşar əlamətlərə malikdir. Elə buna görə də bəzən qriplə COVID-19-u səhv salırlar və çox zaman narahatlıq hiss edərkən onu mövsümlə əlaqədar qrip hesab edərək həkimə müraciət etməyə tələsmirlər. Havaların kəskin dəyişməsi qrip xəstəliyinin artmasına və geniş yayılmasına səbəb olur. Lakin indiki dövrdə bu xəstəliyə yoluxma zamanı COVID-19 infeksiyasının olduğunu da nəzərdən qacırmaq olmaz. Gecikmələr, həkimə müraciət zamanı ləngimə və yubanmalar çox vaxt xəstəliyin qrip olduğunu güman etmək nəticəsində baş verir. Koronavirusa yoluxma zamanı xəstələr 3-4 gün evdə qalaraq onun qrip olduğunu və ötüb keçəcəyini gözlədiklərindən infeksiya daha da dərinləşmiş olur. Hətta qriplə COVID-19-a eyni vaxtda yoluxma da baş verə bilər. Təbii ki, oxşarlıqlar çoxdur, hər iki halda qızdırma baş verir, boğazda ağrı və qıcıqlanma, öskürək ola bilər. Əsas kəskin fərq ondan ibarətdir ki, COVID-19-a yoluxma zamanı iybilmə və dadbilmə hissi itir. Daha ağır hallarda isə təngənəfəslik və tənəffüsdə çətinliklər yaranır. Ona görə də bunun baş verməməsi üçün ilk simptomları hiss edən kimi mütləq yubanmadan sahə həkiminə və ya tibb müəssisəsinə müraciət etmək lazımdır”.
“Dəfələrlə deyilməsinə və xəbərdarlıq edilməsinə baxmayaraq, koronavirus infeksiyasına yoluxma zamanı onu gizlətmək istəyənlər olur. COVID-19 infeksiyası hava-damcı yolu ilə yayılır, ətrafda hər yerdə ona yoluxmaq mümkündür və heç kəs də bundan sığortalanmayıb. Üstəlik ona yoluxmaq heç də istəyimizlə bağlı deyil və yoluxduğuna görə cəmiyyət heç kəsi qınamır. Ona görə də burda çəkiniləsi və gızlətməyə ehtiyac olan bir şey yoxdur. Təcrübə göstərir ki, gigiyenik qaydalara düzgün riayət etmək və üç sadə qaydanı gözləməklə yoluxmaqdan qorunmaq olar.
Koronavirusu sağaldan və onun müalicəsində istifadə edilən konkret bir müalicə üsulu yoxdur. Yeganə bir yol immun sistemin güclənməsinə nail olmaq və orqanizmi möhkəmləndirmək, ən başlıcası isə üç qızıl qaydaya - maska, məsafə və gigiyenaya əməl etməkdən ibarətdir, - deyə Günay Quluzadə fikrini yekunlaşdırıb. //Azərtac