sehiyye.info

Hər birimiz ordumuzun qələbəsi naminə koronavirusa qarşı mübarizədə də həmrəylik nümayiş etdirməliyik

Hər birimiz ordumuzun qələbəsi naminə koronavirusa qarşı mübarizədə də həmrəylik nümayiş etdirməliyik
Sentyabrdan etibarən dünyada koronavirusa yoluxanların sayında artım qeydə alınır. Bu tendensiya Azərbaycandan da yan keçməyib. Rəqəmlərin artımının obyektiv səbəbləri də var. Səbəblərdən biri respirator sistemə aid xəstəliklərin sentyabr-oktyabr aylarından başlayaraq artımıdır. Digər yandan isə yoluxma sayının azlığı vətəndaşlarda arxayınlığa səbəb oldu və hər kəs pandemiyanın bitdiyini düşündü. Əslində isə xəstəlik davam edir. Bunu biz ikinci dalğa kimi də qəbul edə bilmərik. Çünki xəstəlik var və vətəndaşlar məsuliyyətlə yanaşmanı kənara qoyduqdan sonra rəqəmlərdə artımlar qeydə alındı. Bu gediş əslində çox həyəcanlıdır. Çünki hazırda gərgin bir dövrdə yaşayırıq. Vətən müharibəsi davam edir. Bizim hər birimizin xəstələnməsi cəbhə üçün də təhlükə törədir. Vətəndaşlar cəbhə zonasında hərbçilərlə təmasda olduqlarına görə, məsuliyyətimiz birə on qat artmalıdır. Hər birimiz ordumuzun qələbəsi naminə koronavirusa qarşı mübarizədə də həmrəylik nümayiş etdirməliyik.

Sehiyye.info xəbər verir ki, bunu Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, epidemioloji olaraq xəstəliyin gedişatında artım davam edir: “Ölkəmizdə xəstəliyin artım səbəbi, buna təsir edən faktorlar araşdırılır, analiz edilir və qarşısını almaq üçün tədbirlər hazırlanır. Görülən tədbirlərin nəticə verməsi üçün hər bir vətəndaşın üzərinə məsuliyyət düşür. Əgər qaydalara əməl edilsə, yoluxma sayları azalacaq.

Xəstəlikdən necə qorunmanın yolları bəllidir - maska taxmaq, əl gigiyenasına əməl etmək və məsafə saxlamaq. Təəssüflər olsun ki, vətəndaşlar əvvəlki vətəndaş məsuliyyətini nümayiş etdirmirlər. Parklarda, dayanacaqlarda avtobuslarda maskasız vətəndaşların sayı kifayət qədərdir. Bu da yoluxma saylarında artımla nəticələnir”.

Adil Allahverdiyev Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə aparılan testlərdən də danışıb: “Ölkəmizdə əhalinin sayına görə, aparılan test sayı yüksək səviyyədədir. Test saylarının çoxluğu son dərəcə önəmlidir və xəstəliyi gizli keçirənlərin üzə çıxarılmasına imkan verir. Bu, iki cür ola bilər. Bəziləri xəstəliyi zəif, asimptomatik keçirir. Onlar virus daşıyıcısı olsalar da, özlərini sağlam hiss edirlər. İkinci qrup insanlar isə əlamətləri hiss etsələr də yoluxduqlarını düşünmür, soyuqdəymə, qrip olduqlarını deyirlər. Aparılan testlər bunları üzə çıxarır. Ona görə də test sayının çoxluğu xəstəliyin yayılmasının qarşısını almağa kömək edə bilər”.//Azertac



REKLAM