sehiyye.info

Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralanıb - FOTO

Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralanıb - FOTO
Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan Aysu İsgəndərovanın 3 yaşlı bacısı Tahirə İsgəndərova da yaralanıb.

T.İsgəndərovanın sağ baldırında qəlpə yarası var. Hazırda qəlpə çıxarılıb, o, əməliyyat olunub.

T.İsgəndərovanın anası Mətanət İsgəndərova "Report"un əməkdaşına bildirib ki, hadisə zamanı uşaqlar həyətdə oynayırmış: "Birdən səs gəldi, qonşumuz Ehtiramın evinə qəlpələr yağdı. Həmin vaxt da uşaqlar qan içində idi. Böyük qızım Aysu öldü, balaca qızım Tahirə isə yaralandı. Onu tez xəstəxanaya çatdırdıq".

Həkim "Report"a bildirib ki, bu gün axşam saatlarında xəstəxanaya 12 mülki şəxs qəlpə yarası ilə daxil olub: "Dörd nəfər hadisə yerində ölmüşdü. Yaralılardan biri açıq kəllə-beyin travması, kəllə sümüklərinin sınığı, komatos vəziyyətdə neyrocərrahiyə şöbəsinə göndərdik. Digər xəstələr də müalicə olunur".

Qeyd edək ki, bu gün saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub. Nəticədə rayonun Qarayusifli kəndində 4 mülki şəxs həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb.
Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralanıb - FOTO



REKLAM