Körpənin qidalanma rejimi daha çox onun özündən asılıdır
Qidalanma uşaqların sağlamlığını, onların harmonik, düzgün inkişafını tənzimləyən güclü amildir. Ona görə də qidalanma kəmiyyət və keyfiyyətcə səmərəli olmaqla körpə orqanizminin tələblərini ödəməlidir. Bu baxımdan ana südü körpələr üçün ən ideal qidadır. Hər bir ananın südü öz körpəsi üçün adekvat və spesifikdir. Ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlılığını artırır.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı, tibb üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova AZƏRTAC-a deyib: “Ana südü ilə qidalanmanın ən mühüm üstünlüklərindən biri də ana ilə uşaq arasında emosional və fiziki əlaqəni təmin etməkdir. Ana ilə körpə arasındakı mehribanlıq, doğmalıq, yaxınlıq gələcəkdə uşağın sosial davranışını, psixi inkişafını müəyyən edir və gələcəkdə həmin uşaqlar sakit təbiətli, xeyirxah, mehriban və ünsiyyətli olurlar.
Körpənin qidalanma rejimini onun özü təyin edir. Bu sərbəst rejim adlanır və sutka ərzində bir qayda olaraq 6-8 dəfədən 12 dəfəyədək dəyişə bilər. Ana südü ilə qidalanma körpələrin sağlam böyüməsi və inkişafı üçün analoqu olmayan ideal qida ilə təmin etmə vasitəsidir, Ona görə də 6 ayadək körpələr yalnız ana südü ilə qidalanmalıdırlar. Ana südü özünün bioloji xüsusiyyətlərinə görə yeganə məhsuldur ki, uşağı həm tam dəyərli qida ilə, həm də lazımi maye ilə təmin edir. Südəmər körpənin normal inkişafı ananın necə qidalanması, istirahəti, immun sisteminin vəziyyəti və psixoloji durumundan çox asılıdır. 2 yaşa qədər ana südü ilə bəslənməsi uşağın sağlamlığının təməli və təminatıdır. Təbii qidalanan uşağa əmməni imitasiya edən boş əmziklərin istifadə edilməsi yolverilməzdir”.
Həkim-pediatr daha sonra deyib: “6 aylıqdan başlayaraq uşağa əlavə qidalar verilməyə başlanır. Uşağın qidasının xarakteri dəyişəndə mədə-bağırsaq traktının yeni qidaya uyğunlaşması o qədər də tez baş vermir. Bir müddət həzm traktı yeni rasion qidalarının həzm olunması üçün fermentlərin ifrazını təmin etmir və həzm pozğunluğunun yaranması təhlükəsi əmələ gəlir. Buna görə də hər yeni növ qidanı tədricən, az miqdarda vermək lazımdır.
Əlavə qidanın məqsədi körpəni əlavə enerji və qida maddələri ilə təmin etməkdir. Lakin o, uşaq həyatının ilk 12 ayı ərzində ana südünü sıxışdırmamalıdır. Əlavə qidanı verməyə başlayan zaman uşağı tez-tez döşlə əmizdirməyi davam etmək lazımdır. “Qatı qidanın” istifadə edilməsi sinir, əzələ, həzm, böyrək və müdafiə sisteminin inkişaf etməsini təmin edir. Yeni qidanı uşaq minimum 8-10 dəfə dadmalıdır. Ancaq qidanı aşkar müsbət qəbuletmə 12-15 dəfədən sonra baş verir. Uşaq yeni qidadan həzz almağı öyrənməlidir”.//Azertac