Koronavirus pandemiyası dünyada uşaq ölümünün artmasına səbəb olub
COVID-19 pandemiyası və səhiyyə sistemlərində bununla bağlı gərginliyin artması uşaq ölümü göstəricilərinin yüksəlməsinə gətirib çıxara bilər. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və BMT-nin Uşaq Fondunun (UNICEF) ekspertləri məlumat veriblər. Məlumatda ictimai səhiyyə sektorunda resursların yenidən bölüşdürülməsi səbəbindən ana və uşaqların problemlərinə daha az diqqət yetirildiyi vurğulanıb.
Ölkələrin 63 faizində prenatal skrininqlərin tezliyi və keyfiyyəti aşağı düşüb, 68 faizində isə bir çox uşaqlara vaxtında lazımi peyvəndlər vurulmayıb. Ölkələrin yarısından çoxunda həkimlərin xəstə uşaqları müalicə etmək imkanının olmaması müəyyən edilib.
“Dünya birliyi uşaq ölümünə qarşı mübarizədə çox irəli gedib. Koronavirus pandemiyası bu irəliləyişin qarşısını almamalıdır. Sistemin həddindən artıq yüklənməsi səbəbindən uşaqlara lazımi tibbi xidmət göstərilməyəndə, yoluxma təhlükəsi səbəbindən hamilə qadınlar xəstəxanalara getməyəndə, təbii ki, onlar da koronavirusun qurbanlarına çevrilirlər”, - deyə UNICEF-in rəhbəri Henrietta For bəyan edib.
UNICEF və ÜST-də 2019-cu ildə 5 yaşadək olan uşaqlar arasında ölüm göstəricisinin rekord dərəcədə aşağı olması diqqətə çatdırılıb. Müxtəlif xəstəliklər nəticəsində dünyada 5,2 milyon azyaşlı uşağın öldüyü bildirilir. 1990-cı ildə bu rəqəm, demək olar ki, 2,5 dəfədən çox olub. O zaman 12,5 milyon beş yaşadək olan uşaq həyatını itirib.
Mütəxəssislər qeyd edirlər ki, səhiyyə sahəsində prenatal diaqnostika, vaxtından əvvəl doğulmuş uşaqlara və aşağı çəkili yenidoğulmuşlara qulluq, neonatal sepsisin müalicəsi, həmçinin pnevmoniya, malyariya və ishal kimi xəstəliklərin müalicəsində xidmət keyfiyyətinin artırılması hesabına son 30 ildə milyonlarla uşağın həyatını xilas etmək mümkün olub. Uşaq ölümlərinin qarşısının alınmasında peyvəndlər də mühüm rol oynayıb.
Cons Hopkins Universitetinin mütəxəssislərinin hesablamalarına görə, hər gün dünyada ölən uşaqların sayı koronavirus pandemiyası dövrünədək olan göstəricidən altı min çoxdur. Bu baxımdan illik göstəricinin 200 mindən çox olacağı bildirilir.
UNICEF və ÜST beynəlxalq ictimaiyyəti milyonlarla uşaq ölümünün qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağırır. “Əgər bu gün həddən artıq yüklənmiş səhiyyə sistemlərinə təcili vəsait yatırılmasa, beş yaşınadək olan milyonlarla uşaq, xüsusilə də yeni doğulmuş körpələr məhv olacaq”, - deyə Henrietta For xəbərdarlıq edib.