İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq günü (FOTO)
Bu il noyabrın 20-də BMT-nin Uşaq Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 60 ili, Uşaq hüquqları haqqında Konvensiyasının qəbulunun isə 30 ili tamam olur. Uşaqlara diqqət və qayğının artırılması məqsədi daşıyan bu mühüm sənədlərin qəbul olunduğu tarix – 20 noyabr BMT Baş Məclisi tərəfindən Ümumdünya Uşaq Günü elan edilib. Hər il bütün dünyada, o cümlədən ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunan bu tarix münasibətilə 19 noyabr 2019-cu ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Uşaq günü keçirilib. Tədbirin əsas məqsədi İSİM-də çalışan əməkdaşların uşaqlarını Mərkəzin fəaliyyəti və ölkəmizdə əhalinin tibbi maarifləndirilməsi, sağlam həyat tərzinin təbliği, yol hərəkəti təhlükəsizliyi istiqamətində görülən işlərlə tanış etmək idi.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev uşaqları salamlayaraq, ölkəmizdə uşaqların xüsusi qayğı ilə əhatə olunduğunu, yeni nəslin sağlam inkişafının, təhsilinin, mənəvi tərbiyəsinin daim diqqət mərkəzində saxlanıldığını vurğuladı: “Son illər Azərbaycanda müşahidə olunan uğurlu inkişaf həyatımızın hər bir sahəsini əhatə edir. Bu inkişaf əhalinin sağlamlığının qorunması kimi vacib bir sahədən – səhiyyədən də yan keçməyib. Səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sistemini dövrlə ayaqlaşan, tərəqqi edən bir sahəyə çevirməkdədir”. Səhiyyədə bir çox istiqamətlər üzrə islahatlar aparıldığını, yeni tibb müəssisələrinin inşa olunduğunu və müasir avadanlıqlarla təchiz edildiyini bildirən Q.Haqverdiyev uşaqların nəzərinə onu da çatdırdı ki, həkimlərin vəzifəsi yalnız xəstəliklərin müalicəsi deyil, həm də xəstəliklərin qarşısının alınmasında fəal iştirak etməkdir: “Uşaqların hüquqlarının, sağlamlıqlarının müdafiəsi, onlara qarşı zorakılığın qarşısının alınması istiqamətində də daim tədbirlər təşkil edirik, təbliğat aparırıq. Siz bu gün səhiyyə işçilərinin, ictimai səhiyyə mütəxəssislərinin fəaliyyəti ilə yaxından tanış olacaq, sağlamlığın qorunması ilə bağlı yeni məlumatlar əldə edəcəksiniz. Yaxşı olardı ki, siz bu faydalı məlumatları öz yaşıdlarınızla bölüşəsiniz və bununla da ictimai səhiyyəyə öz töhfənizi verəsiniz”.
Cəmiyyətimizin ən həssas və kövrək təbəqəsi olan uşaqların fəal iştirakı ilə keçirilən Uşaq günündə onlara İSİM-in şöbələri və əsas fəaliyyət istiqamətləri, simulyasiya bölməsi, müxtəlif yoluxucu xəstəliklərin qarşısının alınmasında peyvəndlərin əhəmiyyəti, zərərli vərdişlərdən, xüsusilə tütünçəkmədən uzaq olmağın vacibliyi, sağlam qidalanmanın faydaları və digər mövzularla bağlı geniş məlumat verildi.
Yekunda uşaqların təklifləri dinlənildi, onları maraqlandıran suallar cavblandırıldı, ictimai səhiyyənin balaca dostlarına sertifikatlar və hədiyyələr təqdim olundu.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı