sehiyye.info

Yəhudi alimdən SƏRT XƏBƏRDARLIQ: "Mehriban ünsiyyətin kökü kəsilmək üzrədir" - MÜSAHİBƏ

Yəhudi alimdən SƏRT XƏBƏRDARLIQ: "Mehriban ünsiyyətin kökü kəsilmək üzrədir" - MÜSAHİBƏ
Son illərin ən çox sensasiya yaradan filosoflarından biri, Dünya Müdrikləri Birliyinin fəxri üzvü Mixael Laytmanın vacib tövsiyələrindən faydalanmaq üçün müsahibəmizi oxumağa başlayın.

Publika.az-ın özəl müsahibi yəhudi filosof Mixael Laytmandır.

-Cənab Laytman, bir həftə sonra yaşadığımız pandemiya epoxasının ilk tədris ilinə başlayırıq. Karantin dönəmi ən çox da övladlarımızın psixoloji durumuna təsir etdi. İstərdim, uşaqlar haqda danışaq…

-Alimlərin hesablamalarına görə 98% körpələr fövqəltəbii bacarıqla doğulurlar. 5 il sonra bu göstərici fantastik şəkildə azalıb, 30 faizə düşür. 15 yaşadək isə yerdə sadəcə 12 faiz dahi uşaq qalır.

-Bu mərhələli kütləşmənin səbəbi nədir?

-Yəqin, mənimlə hamı razılaşar ki, bugünkü təhsil sistemi idealdan çox uzaqdır. Bizim üçün nəticə prosesdən üstündür. Gah deyirik ki, məktəb yalnız təhsil verməlidir. Təlim-tərbiyə valideynin boynuna düşən vəzifədir. Gah da valideynlər müəllimlərdən şikayətlənir ki, bu qədər ev tapşırığı verdiyiniz müddətdə, tərbiyəni tək bizim boynumuza qoymağa haqqınız yoxdur. Hələ də hamımızı məmnun qoyacaq ortaq məxrəcə gəlməmişik. Mənim üçün məktəbi bitirən hər bir şagirdin şüurunda da, qəlbində də yalnız bir həqiqət olmalıdır-bərabərlik. Bura həm xalqların, həm də cəmiyyətin birliyi, bərabərliyi aiddir.

-Əsrlər boyu irq, din, bir qarış artıq torpaq uğrunda qan tökən planet sakinləri bu bərabərliyə necə nail olacaqlar?

-Axı biz ədalətə, bərabərliyə nail olmaq üçün heç vaxt güc sərf etməmişik. Hər şeyin kökündə doğmalarına məhəbbət, nəvaziş durur. Adi mehriban ünsiyyətin kökü kəsilmək üzrədir. Uşaqlarımıza yaxşı nümunə ola bilmirik. Məktəblərdə insan təbiətinə bələd olan mütəxəssislər çalışmalıdır. Formalaşan şəxsiyyətləri doğru məcraya yönəltməlidirlər. Məhz həmin peşəkarlar uşaqlara və valideynlərə təlqin etməlidirlər ki, bərabərlik eqoist insan təbiətinin itələdiyi dəyərdir. Çünki biz çox vaxt münasibətləri öz gəlirlərimiz üzərində qururuq. Hər şeydən öncə qarşı tərəfin bizə verə biləcəklərini hesablayırıq.

Zövq aldıqlarıma can atıram, mənə faydası olmayanları itələyirəm.

Məhz bu eqoizm bizi yanlış yöndə formalaşdırır. Qarşılıqlı sağlam, isti münasibət qurmağımıza mane olur. Qardaşlıq, dostluq prinsiplərini tapdayıb keçirik. Yeni proqram bizi insan kimi yenidən proqramlaşdırmalıdır. Özü də tək uşaqlarımızı yox, elə biz valideynləri də. Əks halda bütün təhsil ocaqları dahi potensialı ilə doğulmuş uşağı məhv edir. Bunu mən demirəm. NASA-nın mütəxəssisləri deyir.



REKLAM