Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının yeni binasının açılışında - FOTO
İyunun 13-də Bakının Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçası üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən yeni binanın açılışı olub.
Sehiyye.info Publika.aza istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.
Məktəbəqədər təhsil ocağında yaradılan şəraitlə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, 2 korpusdan ibarət 11 saylı körpələr evi-uşaq bağçası müasir tələblərə cavab vermədiyindən mövcud 150 yerlik binası sökülüb, onun yerində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tipli 200 yerlik körpələr evi-uşaq bağçası tikilib. Körpələr evi-uşaq bağçasının inşasına 2018-ci ilin mayında başlanılıb. Tikinti işləri yüksək səviyyədə həyata keçirilib.
Bildirildi ki, yeni binada komplektləşdirilmiş qrup otaqları, mətbəx və yeməkxana, idman və musiqi zalları, həmçinin digər otaqlar var. İkimərtəbəli məktəbəqədər təhsil müəssisəsinin otaqları və dəhlizləri uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarlarla, mebel dəstləri ilə təchiz edilib. Məktəbəqədər təhsil müəssisəsində 6-sı Azərbaycan, 4-ü isə rusdilli bölmə olmaqla ümumilikdə 10 qrup fəaliyyət göstərəcək. Körpələr evi-uşaq bağçasında bir yaşdan 6 yaşadək 200 uşağın təlim-tərbiyəsi ilə 46 nəfərdən ibarət peşəkar heyət məşğul olacaq.
Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, savadlı şəxsiyyətlər kimi yetişmələri istiqamətində Azərbaycan dövləti çox mühüm layihələr həyata keçirir. Bu işlərə Heydər Əliyev Fondunun töhfəsi də olduqca əhəmiyyətlidir.
On bir saylı körpələr evi-uşaq bağçasının yerləşdiyi ərazidə və ətrafda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. Burada balacaların istirahəti üçün oyun və idman avadanlığı da var. Bir sözlə, müəssisədə balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb.