Uzananda artan bel ağrılarına DİQQƏT!
Dincələndə, uzananda bel ağrıları artırsa, buna qarşı diqqətli olmaq lazımdır. Ən azı yarım saat davam edən bel ağrınız varsa, bu, iltihablı revmatizma xəstəliyinin əlaməti ola bilər.
Sehiyye.info e-tibb.az-a istinadən bildirir ki, bunu Türkiyədən olan revmatologiya uzmanı Oğuz Gürler yerli mətbuata açıqlamasında deyib.
Revmatoloq bildirib ki, iltibaba bağlı olan bel ağrıları əsasən istirahət edəndə, uzananda ortaya çıxır. Həkim vurğulayıb ki, iltihablı bel ağrıları ilə mexaniki bel ağrılarının fərqli xaraketrik xüsusiyyətləri var. Məsələn, ayaqüstə qalmaqla artan mexaniki bel ağrıları istirahət edən kimi aradan qalxır, ya da ağrı yüngülləşir. Amma revmatik problemlə bağlı bel ağrısında bunun əksi olur. Onun sözlərinə görə, iltiahblı bel ağrıları ankilozlaşdırıcı spondilit adlandırlan (Bexterev xəstəliyi-red.) onurğa revmatizminin əsas xüsusiyyətidir. Bu halda səhərə yaxın ağrılar baş qaldıra, onurğada tutulmalar, hərəkətsizlik yarana bilər.
Həkim deyib ki, iltihablı bel ağrıları olan xəstələrin çoxu gənclər və yetkinlik yaşında olanlardır. Bu ağrılar əsasən istirahat edəndə, uzun istirahət dövründə ortaya çıxır. Xəstələrdə əsasən də səhər yaxın yaranan bel ağrıları və tutulma yaranması revmatik xəstəliyin özəlliyidir. Yəni bu ağrılar dincəldicə artır. Hətta xəstələr gecə yatan zaman qalxıb ağrıları yüngülləşdirmək üçün gimnastika hərəkətlər etmək məcburiyyətində qalırlar. Ən çox da səhərlər bel bölgəsində ən azı yarım saat çəkən ağrı və hərəkətsizlik yaranır. Məsələn, üzü yuyanda, corabı geyinəndə, avtomobilə minəndə çətinliklə üzləşirlər.
Revmatoloq qeyd edib ki, iltihablı bel ağrıları zamanı yanaşı xəstəliklərin olması da mümkündür. Onun sözlərinə görə, iltihablı bel ağrılarına qanlı ishalla gedən bağırsaq xəstəliyi, eləcə də sədəf xəstəliyi (psoriaz) və ya çox tez-tez keçirilən sidik yolu infeksiyası kimi xəstəliklər yanaşı inkişaf edə bilər. Eləcə də gözdə qızarma, ağızda yara və ya dəridə, üzdə səpgilərin də yaranması mümkündür. O, xüsusilə 3 aydan çox davam edən bu tip bel ağrıları və bu kimi əlamətlər varsa, həkimə müraciət etməyi tövsiyə edib. Xəstənin şikayətlərini dinləyən həkim digər müayinələrlə yanaşı Rentgen və MRT müayinələrindən sonra diaqnoz qoyur. İlkin dövrdə qoyulan diaqnoz bu tip xəstəliklərdə son dərəcə vacibdir. Xəstəliyin gec aşkarlanması isə ciddi problemlərə, şikəstliyə səbəb ola bilər.