Lerikdə müəllimə azyaşlı şagirdi ilə cinsi əlaqə ittihamı: ailələr nə deyir?
Lerikin Kirəvud kəndində müəllimə azyaşlı şagirdi ilə cinsi əlaqə ittihamı ilə 1 il həbs cəzası verilməsinə hər iki tərəfin ailəsi etiraz edir. Müəllimin ailəsi ittihamı "əsassız" adlandırır, şagirdin ailəsi isə cəzanın"çox az" olduğunu hesab edir.
Bu hadisə sosial mediada yayılandan sonra istifadəçilər bu ittihama görə verilən cəzanın "az olmasına hiddətlənib".
Bundan sonra Baş Prokurorluq açıqlayıb ki, dövlət ittihamçısı tərəfindən təyin edilmiş cəzanın yüngül olması əsası ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya protesti verilib.
Baş prokurorluq bildirib ki, "16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə" maddəsi ilə təqsirləndirilən Şəfahət Məmmədovun cinayət işi üzrə istintaq prosesi iyun ayında tamamlanıb və iş baxılması üçün Lerik rayonuna göndərilib.
Qurum məhkəmənin Şəfahət Məmmədovu ittiham olunduğu maddə ilə təqsirli bilərək ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etdiyini bildirib.
Ailələr nə deyir?
BBC News Azərbaycanca hər iki tərəfin ailəsi ilə əlaqə yaradaraq onların mövqeyini öyrənib.
16 yaşlı şagirdin atası G.M. müəllimə verilən cəzadan narazı olduğunu, onun üçün "ölüm hökmü istədiyini" bildirib.
Hazırda Azərbaycanda ölüm hökmü qüvvədə deyil və tətbiq olunan ən ağır cəza ömürlük azadlıqdan məhrum etmə növüdür.
G.M. deyir ki, "bu əməli törədən əbədiyyən həbsdə qalmalı, buraxılmamalıdır".
Şagirdin atası söyləyir ki, qızı ittiham olunan müəllimin əmisinin nəvəsidir və iddia edir ki, Şəfahət Məmmədov "uzun müddət tələbəsi ilə münasibətdə olub", lakin ailə bu haqda bir neçə ay əvvəl, "uşağın hamilə olduğu üzə çıxanda" xəbər tutub.
"Biz qızın qarnı yekə idi deyə uşağı həkimə apardıq, dedilər 6 aylıq hamilədir. Bizim o vaxtadək xəbərimiz olmayıb. Heç kim bizə heç nə deməyib, xəbər verməyib. Biz bilən kimi polisə şikayət etdik", - G.M deyir.
Atanın sözlərinə görə, qızı həm onlara, həm də məhkəmədəki ifadəsində "Şəfahət Məmmədovun adını verib" və deyib ki, "müəllimdən başqa heç kəslə yaxınlıq göstərməyib".
"Müəllim uşağa konfet, alma, pul verib deyib ki, mənim adım olmasın, heç kəsə deməyəsən mən etmişəm, başqasının adını verərsən. Gah deyirdi qızı istəyirəm, gah deyirdi oğlum üçün alaram. Uşaq da məhkəmədə deyir Şəfahət edib".
İttiham olunan Şəfahət Məmmədovun ailəsi iddialarla razılaşmır. Şəfahət Məmmədovun oğlu E.M deyir ki, iddialar yalnız "şər-böhtandan" ibarətdir və o, atasının azad edilməsini istəyir.
"Atam izahatında deyir ki, mənim bu işlə əlaqəm yoxdur, belə bir şey olmayıb, qəti surətdə ola da bilməz", - E.M deyir ki, atasına "haqsız yerə həbs cəzası verildiyini" düşündüklərinə görə qərar barədə apellyasiya şikayəti veriblər.
O, məsələnin kökündə "torpaq üstündə 20 il davam edən ədavətin" dayandığını və qızın buna görə "öyrədildiyini" hesab edir.
"O ailənin bizimlə torpaq üstündə düşmənçiliyi var. Torpaqla bağlı şikayət edirdilər. Onların narazılığına səbəb olub ki, niyə ev tikirsiniz. Bizə deyirlər ki, evdən köçək, guya torpaq onlara çatır. Bir neçə il əvvəl də qohumlarını öyrətmişdilər, deyirdilər ki, evdən çıxın. Bizi taniyan bilir ki, bu cür işlərlə əlaqəmiz yoxdur, atam da alicənab adamdır".
E.M deyir ki, atası "heç bir sübut-dəlil olmadan cəza alıb" və bunu "haqsızlıq" hesab edir.
"Yatsaq yuxumuza girməzdi ki, belə bir şey ola bilər. Nənəm bu xəbəri eşidəndən sonra infarkt keçirib. Atam II qrup əlildir, 10-a yaxın daxili xəstəlikləri var, son vaxtlar da özünü pis hiss edirdi. Onun belə əməl etməsi qeyri-mümkün bir şeydir. Prinsipə görə atamın üstünə atırlar, məqsəd də budur ki, qızı bizdən biri ilə evləndirsinlər. Bizim günahımız yoxdur. Bir nəfər deyə bilməz ki, bizim ailədən kiməsə qarşı səhv addım olub".
"Dərman, şəkillər, razılıq..."
16 yaşlı şagirdin atası G.M. deyir ki, qızı ilə müəllim arasında "heç bir razılıq olmayıb".
"Razılıq olmayıb. Mənim uşağımı axmaq çıxarıb, uşağım ağıllı idi, ona dərman verib axmaq ediblər. O dərmanlar polisdə sübut kimi var idi. Müəllimin telefonla uşağın lüt şəkillərini çəkib. O telefon da polisdə idi. Uşaq onun nəvəsi yaşındadır. Onları bir yerdə görənlər olub, həm kənd camaatından, həm məktəbdən, həm də sinif yoldaşlarından. Amma sonra deyiblər yox, görməmişik. Bir nəfər gördüyü barədə qol çəkib. Uşağın körpə yaşı var, onun nə günahı var ki?", - ata sual edir.
Şəfahət Məmmədovun oğlu E.M. bu iddiaları "yalan" adlandırıb.
O deyir ki, bütün bu iddialar "əsasını tapmayıb".
"Hamısını yalandan, hədə-qorxu gəlmək üçün deyirlər. Atamın telefondan başı çıxmır. Telefonda da heç bir şəkil olmayıb. Əgər şahid var idisə, nə üçün birinci məhkəmədə ortaya çıxarmadılar? Biz uşaqdan DNT testi götürülməsini istəyirik. Bu işdə kimin əli varsa, o cavabdehlik daşısın. Niyə biz pis olmalıyıq?", - E.M söyləyib.
Baş prokurorluq BBC News Azərbaycancanın "azyaşlı qıza dərman verilməsi və şəklinin çəkilməsi iddialarının istintaqa məlum olub-olmaması" sualına "məsələnin araşdırılacağını" bildirib.
Hər iki ailə kənd camaatının "əsasən onlara" inandığını bildirib.
Azyaşlı qızın atası G.M. söyləyir ki, hazırda övladı ilə əlaqə saxlaya bilmir. O, qızının "bətnindəki uşağı körpələr evinə verəcəyi halda" evinə qəbul edəcəyini deyir.//BBC