Fevralda 50-dən çox qızılcaya yoluxma halı qeydə alınıb
Ötən ilin dekabr və bu ilin yanvar aylarında ölkə üzrə 106 nəfərin qızılcaya yoluxduğu aşkar edilib. Fevralda isə yoluxanların sayı 50-dən çox olub.
Sehiyye.info AZƏRTAC a istinadən xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın verdiyi məlumata görə, qızılcaya yoluxanların əksəriyyəti vaxtilə peyvənddən kənarda qalan 20-40 yaş arasında olanlardır.
Onun dediyinə görə, son günlərdə yoluxma sayında bir qədər azalma müşahidə edilir: “Havanın temperaturu yüksəldikcə qızılcaya yoluxma halları daha da azalacaq, çünki hava şəraiti ilə əlaqədar insanlar daha çox qapalı şəraitdə olurlar. Qızılcaya yoluxma zamanı isə havanın dəyişdirilməsi çox vacibdir. Payız-qış mövsümü üçün xarakterik olan qızılca xəstəliyi yay mövsümünə yaxınlaşdıqca qeydə alınmayacaq”.
Direktor müavini bəzi ərazilərdə peyvənddən kənarda qalan uşaqların da həmin kampaniyaya cəlb edilməsi işinin daha da gücləndirildiyi, əks-epidemik tədbirlərin, xəstələrin müayinə və müalicəyə cəlb edilməsinın vaxtında həyata keçirildiyini bildirib. Həmin tədbirlər indi də davam etdirilir.