Koronavirus öldürməməyi öyrəndi - Rusiyalı professor
Rusiyalı virusoloq, professor Anatoli Altşteyn yeni növ koronavirusun ən erkən bir il sonra enişə keçəcəyini söyləyib.
Altşteyn, virusun insandan insana keçdikcə adaptasiya olduğunu və daşıyıcısını öldürməməyi öyrəndiyini vurğulayıb.
Rusiyalı professor "Sars- CoV-2" deyə adlandırılan yeni növ koronavirusun təsirlərinin azalması üçün ən az 1 il keçməsi lazım olduğunu bildirib:
"Bir ildən üç ilə qədər, bəlkə daha çox. Bu məsələdə əlimizdən gələn bir şey yoxdur. "Sars-CoV-2" belədir".
Altşteyn virusun insandan insana keçdiyi zaman adaptasiya olduğunu və daşıyıcısını öldürməməyi öyrəndiyini, bu sayədə yayılmağa davam etdiyini vurğulayıb:
"Ağır xəstələr koronavirusun yayılmasında rol oynamır. Çünki elə bir vəziyyətdə xəstənin digər insanlarla təması kəsilir və infeksiyanı aktiv yaya bilmir".
Professorun sözlərinə görə, xəstəlik sadəcə ilk zamanlarda ağır keçir:
"1930-1940-cı illərdə infeksiya xəstəliklərinin təkamülünü araşdıran elm insanları bu cür xəstəliklərin yalnız ilk zamanlarda ağır keçdiyi, daha sonra gedərək yüngülləşdiyini ifadə ediblər. Koronavirus prinsip olaraq bədənlərə yumşaq davranmağa, yəni çox zərər vermədən onların imkanlarından faydalanmağa, çoxalmağa və yaşamağa adaptasiya olmuş vəziyyətdədir".
Altşteyn yeni növ koronavirusun da eyni yolu izləyəcəyini ümid etdiyini ifadə edib. Lakin "SARS-CoV-2"-in hər şeydən əvvəl yüksək insidans nisbəti ilə digər koronaviruslərdən daha fərqli olduğuna diqqət çəkib.