sehiyye.info

Koronadan dünyasını dəyişən müəllimə qızına səs yazısı göndərib.

Koronadan dünyasını dəyişən müəllimə qızına səs yazısı göndərib.
Koronavirusdan dünyasını dəyişən müəllimənin son nəfəsində qızına göndərdiyi dəhşətli səs yazısı.
“Burda adamı virus yox, natəmizlik, səhlənkarlıq öldürür”

“Aynur, yaza bilmirəm, anan qurban, danışıram, qulağ as... Bu səsi silmə, mən sənə deyəndə, götürüb gedərsən Səhiyyə Nazirliyinə. Mən bura gələndən tibb bacıları da, xadimələr də axşamdan bir otağa girirlər, qapını bağlayırlar, süfrə açırlar, yeyib-içirlər. Anan qurban, elə bil hansısa xarici otelə istirahətə gəliblər. Düzdü, burada qızdırması düşənlər də var, mənim kimi can verənlər də. Bala, heç denən, gəlib yoxlayırlar? Bu səsi silmə, anan qurban... Bala, bu gecə öz tüstümə yanmışam. Xadimə yeyib-içib, axşamdan çıxıb gedib evinə. Tibb bacısı da girib otağına, qapını arxadan bağlayıb. Qapını döyüb güclə çıxartmışam dəhlizə. Gəlib təzyiqimi ölçüb, demişəm nə olar, qızdırmamı da ölç deyir, yoxdu qızdırman. Dedim, ay qız, yanıram. Gətirib qızdırmaölçəni qoyub, deyir, 37-di. Dedim, a qızım, nə 37, yaxşı bax, özüm görürəm ki, 38.9-du. Anan qurban, bu səsi silmə, mənim başıma bir iş gəlsə ...”

Bu səsin sahibi 63 yaşlı Təranə Abdullayeva iyunun 16-da elə bu səsi “WhatsApp” vasitəsilə ailə üzvlərinə göndərəndən təxminən 1 saat sonra Sabirabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində koronavirusdan (COVİD-19) həyatını itirib.

“Anan qurban, bu səsimi silmə”

Təranə xanım övladlarına göndərdiyi bu səsin gerisində deyir ki, həkimlərin adlarını bilmir, ancaq hamısının xəstələrə yanaşması eynidir:

“... Burda virus adamı öldürmür, burda adamı öldürən natəmizlik, həkimlər, səhlənkar tibb bacıları, özlərini beşulduzlu otellərdə hiss eləyən xadimələrdi... Anan qurban, bu səsimi silmə, qızdırmam var, hələ mənə zəng eləmə, bəlkə yatdım, zəng edərsən, açmaram, qorxma, bu gecə yatmamışam. Özünüzdən muğayat olun, çalışın xəstələnməyin, xəstəlik adamı öldürmür, həkimlər öldürür, bala...”

“Xəstəxananın həyətindəki skamyada can çəkişirdi”

Təranə xanımın bacısı qızı Ayla Kərəmi Meydan TV-yə danışır ki, bir neçə gün imiş Təranə xanım özünü yaxşı hiss etmirmiş, ancaq övladlarına bildirmirmiş. Hərarəti düşməyəndə övladlarına xəbər verib. Övladları dava-dərman etsələr də, fayda verməyib. İyunun 14-də təcili yardım çağırılıb:

“Xalam 271 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyirdi. Bildiyiniz kimi, karantinlə əlaqədar aylardır ki, məktəb bağlanmışdı. Yoldaşı dünyasını dəyişib, qızları ailə qurub. Tək yaşayırdı. Biz xəbər tutanda artıq neçə gün imiş ki, qızdırması 39.5-dən düşmürmüş. İyulun 14-də təcili yardım çağırdıq. Həkim test üçün yaxma götürmədi, xalama eləcə baxıb dedi ki, koronavirus əlaməti yoxdur. Ancaq ağciyərləri yoxlatdırmağı məsləhət gördü. Elə həmin gün onu UZİ-dən keçirtdik, UZİ-nin nəticəsinə baxan həkim dedi, təcili Ağciyər İnstitutuna götürün. Apardıq, xəstəxana qəbul etmədi, xalam saatlarla halsız vəziyyətdə, xəstəxananın həyətindəki skamyanın üstündə can çəkişə-çəkişə qaldı. Axırda xalam qızları səs-küy saldılar, çünki artıq xalam qızdırmadan huşunu itirirdi. Qızlar qışqırdı ki, anamız ölür, xəstəxanaya qəbul edin, kömək edin. Həmin gün xalamı xəstəxanaya qəbul etdilər”.



REKLAM