İmplant dişinin AĞRISI...! – “Ağır fəsadlar yaradır”
Kəmalə Kərimova: “Bəzi həkimlər maddiyata üstünlük verir və işlərinin öhdəsindən ustalıqla gələ bilmirlər”
“Düzgün praktika ilə müalicə olunanda fəsadlar olmur”
Belə bir deyim var: “Qonşun pisdir köç qurtar, dişin ağrıyır çək qurtar”. Biz azərbaycanlılar da ancaq dişimiz ağrıyandan ağrıyana stomatoloqa müraciət edirik. Təbii ki, hər kəs cibinə uyğun prosedurlara müraciət edir. Məsələn, keramika, implant dişlər və.s. Hər nə qədər bahalı sayılsa da, ölkəmizdə implant dişlərə maraq artmaqdadır.Amma bir çox mütəxəssislərin fikrincə, diş implantasiyası peri-implantitin yaranmasına səbəb ola bilər. Ona görə də diş implantını hər kəsə qoymaq olmaz.
Bu günlərdə adının çəkilməsini istəməyən xanım redaksiyamıza müraciət edərək diş implantı qoydurduğu üçün başına gəlməyən zillətin qalmadığını deyib. Onun sözlərinə görə, 6 ay öncə implantasiya üçün həkimə müraciət edib. 3-4 gün qabaq isə xanımın üz və ağız hissəsində şişkinliklər, kəskin baş ağrıları müşahidə olunub.
Zərərçəkən bildirir ki, stomatoloq implanların Almaniyadan gəldiyini bildirib. Sonradan məlum olub ki, bu implantlar “kitayski”dir və olduqca keyfiyyətsizdir.
Baş verənlərə dair fikirlərini “Sherg.az”la bölüşən həkim- stomatoloq Kəmalə Kərimova vurğulayıb ki, bəzi həkimlər maddiyata üstünlük verir. Ona görə də işlərinin öhdəsindən ustalıqla gələ bilmirlər. Stomatoloq qeyd edib ki, implant qoyulduqdan 4 həftə sonra pasiyent yenidən rentgenə çağırılmalıdır:
“Dişdə problemlərin yaranıb-yaranmadığına dair dərin məlumatlar əldə olunur. 4 həftədən sonra yenidən təkrar müayinəyə çağıraraq pasiyentin vəziyyətinin necə olduğunu təyin edirik. 6 ay müddətdən sonra xanımda şişkinliklər baş verməsinin bir neçə səbəbləri ola bilər. Məsələn, travma, implantların paralel yerləşib bağlanılmaması və.s.
Rentgent yoxlamaları olmadan daha dəqiq məlumat vermək çətindir.
Belə mənfi halların yaşanmaması üçün implant əkilmiş pasiyentləri ilk 6 ay nəzarətdə saxlamaq, pasiyentlə mütəmadi ünsiyyətdə olmaq lazımdır. Rentgent müayinələr aparılmalıdır, bu zaman hər şey göz qabağında olur. Rentgen işimizin güzgüsüdür. Hələ ki, implant əkilən pasiyentlərimdə belə problemlə rastlaşmamışam. Düzgün praktika ilə müalicə olunanda fəsadlar olmur”.
K.Kərimova təəssüflə qeyd edib ki, bəzi həkimlər maddiyata önəm verdikləri üçün iş keyfiyyəti olmur, pasiyent ikinci dərəcədə tutulur:
“Biz həkimlər də hər zaman bu mövzuda əziyyət çəkirik”.