sehiyye.info

Koronavirus onu taxtdan salıb - Amma bu bədheybət heç yerə getməyib.

Koronavirus onu taxtdan salıb - Amma bu bədheybət heç yerə getməyib.
"Son illərdə isə deyilir ki, vitamin D aşağı həddə olduqda da döş vəzi xərçənginin yaranma riski olur"

Dünyada yayılan koronavirus pandemiyası dünənədək ən dəhşətli xəstəlik sayılan xərçəngi bir növ yaddan çıxarıb. Amma unutçaq lazım deyil ki, hər il bu xərçəngdən ölüm rəqəmləri artmaqda davam edir. Xərçəngin ən geniş yayılan növlərindən biri döş xərçəngidir desək, yanılmarıq. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 2.1 milyon qadına döş xərçingi xəstəliyi diqanozu qoyulur ki, onların da böyük əksəriyyəti dünyasını dəyişir. Təkcə 2018-ci ildə 627 min qadın döş xərçəngi xəstəliyindən vəfat edib ki, bu da təxminən ümumlikdə xərçəngin müxtəlif növlərindən dünyalarını dəyişənlərin 15 faizi deməkdir.


Araşdırmalar göstərir ki, xüsusən də inkişaf etmiş şəhərlərdə döş xərçəngi riski daha yüksəkdir.

Döş xərçəngi xəstələrinin vəziyyətinin nisbətən də olsa yaxşılaşmasına təsir edən amil ilkin aşkarlanmadır.

Bəzi ekspertlər sinənin böyüdülməsi, müəyyən forma verilməsi üçün implantın yerləşdirilməsinin də süd vəzi xərçənginə səbəb olduğunu deyirlər.

Maraqlıdır, bu deyilənlər nə dərəcədə həqiqətə uyğundur?

Mama-onkoloq Günay Əhmədova bu fikirlə razılaşmadığını söyləyir: "Süd vəzi xərçəngini yaradan faktorlar arasında silikon protezlərin rolu qeyd edilmir. Əksinə, hətta göstəriş olduqda xərçəngə görə əməliyyat edilən xəstəyə silikon protez qoyulur".

Digər mama-onkoloq Rəna Abdullayeva isə məsələyə bu cür aydınlıq gətirib: "Süd vəzi xərçəngi aşkarlanan, cərrahiyyə olunan xəstələr var ki, hansı ki, onlara implant qoyulur. Belə xəstələrdə implant müəyyən problemlər yarada bilir. Lakin sağlam döş üçün implantın heç bir ziyanı ola bilməz. Çünki əksər hallarda implant əzələ arxasına qoyulur. Belə olan halda onun heç bir təhlükəsi olmur. İmplant qoyulan qadınlara isə başqa risk faktorları təsir edə bilər. Bunun implantla əlaqəsi yoxdur".


"Süd vəzi xərçəngini əmələ gətirən səbəblər müxtəlifdir: doğuşun olmaması, yaxud da az olması, abortlar, uşağı əmizdirməmək, yaxud az əmizdirmək, bir sıra irsi faktorlar, döş vəzisinin zədə alması, endokrinoloji xəstəliklər, yəni endokrinoloji orqanların funksional pozğunluğu da süd vəzi xərçənginə səbəb olur. Son illərdə isə deyilir ki, vitamin D aşağı həddə olduqda da döş vəzi xərçənginin yaranma riski olur", - deyə mütəxəssis əlavə edir.

Qeyd edək ki, bu gün bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xərçəng xəstələrinin sayı artmaqdadır. Bu barədə Səhiyyə Nazirliyi məlumat paylaşıb. Məlumatda bildirilib ki, 2017-ci ildə ölkəmizdə 45,7 min belə xəstə var idisə, 2018-ci ildə onların sayı 49,1 minə çatıb. Bundan başqa, vurğulanıb ki, hazırda ölkəmizdə yeni əmələ gələn şişlərlə beş və daha çox il yaşayan 17,6 min xəstə var.




REKLAM