sehiyye.info

Təcili tibbi yardımdan şikayətlər niyə artıb?

Təcili tibbi yardımdan şikayətlər niyə artıb?
Azərbaycanda son günlər sosial şəbəkə istifadəçiləri təcili tibbi yardıma əlçatımlılıqdan və onların işindən şikayətlərini bildiriblər.

Şikayətlər arasında briqada çağırmaq üçün uzun növbələr, xəstələrin xəstəxanalara aparılmaması, həkimlərin qoruyucu vasitələrinin olmaması, Covid-19 analizinin gec götürülməsi və sairə səslənib.

Prezident İlham Əliyev çıxışlarında Azərbaycan xəstəxanalarında "kifayət qədər yerin olduğunu" deyib və qeyd edib ki, Azərbaycanın səhiyyə imkanları "tam imkan verir ki, vəziyyət nəzarət altında qalsın".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi şikayətlərlə bağlı suallarımıza cavab verməyib.


"103-ə düşmək olmur"
Bəzi sosial media istifadəçiləri yazır ki, təcili tibbi yardıma zəng edib həkim çağırmağa çalışsalar da, uzun müddət xətdə növbədə gözləməli olublar.

Onlar deyir ki, xətdə gözlədikləri 45 dəqiqə ərzində ağır vəziyyətdə olan xəstələrini itirməklə üz-üzə qalıblar.

"Atam ürək əməliyyatı olub. Dünən vəziyyəti pisləşdiyi üçün 103-ə zəng vurduq, amma düşmək olmur. Nə qədər zəng etdiksə, məşğul göstərirdi. Ancaq 45 dəqiqə-bir saata yaxın vaxtdan sonra nömrəyə düşə bildik. Atam ölsəydi, buna kim cavabdeh olacaqdı?", - Akif adlı sosial media istifadəçisi yazıb.

Musa adlı sosial media istifadəçisi deyir ki, onlar 103 nömrəsi ilə əlaqə saxlaya bilsələr də, operator xəstənin qızdırması olduğunu biləndən sonra həkim göndərməkdən imtina edərək onları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) yönləndirib. Musanın sözlərinə görə, TƏBİB-in qaynar xəttinə zəng etsələr də, növbədə 45-ci olublar, bir saata yaxın xətdə gözləyəndən sonra isə zəng kəsilib.

Sehiyye.info xəbər verir ki,BBC News Azərbaycan bir neçə dəfə TƏBİB-in "1542" nömrəli qaynar xəttinə zəng etməyə çalışıb və növbədə 32, 35 və 36-cı olub.

Jurnalist Seymur Kazımov təcili tibbi yardımın və TƏBİB-in xidmətlərindən şikayətlənərək öz sosial media hesabından TƏBİB-in rəhbəri Ramin Bayramlıya açıq məktub göndərib.

Seymur Kazımov 10 gün müddətində qızdırmadan əziyyət çəkən atası üçün qaneedici tibbi xidmət ala bilmədiyindən və buna görə atasını itirdiyini bildirib.

Məktubda deyilir ki, ailə xəstə üçün həkimə müraciət etsə də, həkim gec gəlib və gələn bütün həkimlər xəstəyə ancaq "dimedrol-analgin iynəsi vuraraq gedib".

Cənab Kazımovun sözlərinə görə, daha sonra Xırdalandakı təcilili tibbi yardım xidmətinə zəng etsələr də, onlara "bizə virusdan qorunmaq üçün paltar verilməyib" deyilib və buna görə ünvana getməkdən imtina edilib.

Təcili tibbi yardımdan şikayətlər niyə artıb?
Təcili tibbi yardım niyə gəlmir?
"Bakıdakı mərkəzə zəng edirsən, onlar da testin cavabini soruşurlar. Yenə eyni vəziyyət, izah edirsən, başa salırsan ki, adam ölür..yardım edin. Həkim gəlir, yox, bu dəfə gəlmir, zəng edir və deyir, "biz onsuz da onu heç yerə aparası deyilik, gəlib dimedrol-analgin vurub gedəcəyik. Gələk? Bəli, məhz elə bu cür də deyir", - Seymur Kazımov zəng etdiyi növbəti ünvandan aldığı cavabı belə qeyd edib.

Jurnalist ikitərəfli pnevmaniya, 39 dərəcə qızdırmalı, 360 dozalı şəkər xəstəsi atası üçün ona verilən "testinizin cavabı pozitiv olsa, sizi xəstəxanaya yerləşdirəcəyik, neqativ olsa ev şəraitində müalicə olun" cavabının düzgünlüyünü sual edir.

Sosial mediada bu cür şikayətlər çoxdur və onların sayı və müxtəlifliyi hər gün artmaqdadır.

Bəs, təcili tibbi yardım niyə gəlmir? Buna səbəb xəstəxanalarda yer çatışmazlığı, yoxsa texniki təchizatın zəifliyidirmi? Təcili Tibbi Yardım çağırışları "seçirmi"?

BBC News Azərbaycanca təcili tibbi yardımın təşkilinə və işinə cavabdeh olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə bir neçə gün əlaqə saxlamağa çalışsa da, cavab verən olmayıb.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva "Qafqazinfo"-ya verdiyi açıqlamada deyib ki, həftəsonu sərt təcrid günlərində "baş ağrısı, diş ağrısına görə belə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət olunub", belə çağırışların artması ilə də "COVID-19 şübhəsi olan xəstələrə təcili yardım maşınları getməyi çatdırmayıb".

Təcili tibbi yardımdan şikayətlər niyə artıb?
İlham Əliyev nə deyir?

Prezident İlham Əliyev iyunun 9-da koronavirus xəstələrinin müalicə olunacağı modul tipli xəstəxanaların açılışında bildirib ki, bu xəstəxanaların sayı hazırda 4 olsa da, yaxın vaxtlarda daha 6 xəstəxana istifadəyə veriləcək.

O deyib ki, hazırda Azərbaycanda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə olunur və bu xəstəxanalarda "kifayət qədər yer var".

"Bizim xəstəxanalarda kifayət qədər yerlərimiz var, reanimasiya şöbələrimizdə də həmçinin. Eyni zamanda, əlavə iki min çarpayılıq 10 xəstəxanada koronavirus xəstələrinin müalicəsi nəzərdə tutulur. Bu günə qədər hələ ki, buna ehtiyac yoxdur. Ancaq biz bütün addımlarımızı elə atırıq ki, ən kritik vəziyyətə hazır olaq, ən böhranlı vəziyyətdə də bütün xəstələrə tibbi xidmət göstərilsin", - Prezident çıxışında bildirib.

İlham Əliyev söyləyib ki, "Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır".

Cənab Əliyev əlavə edib ki, bir çox ölkələrin səhiyyə sistemi "çökdüyü" üçün ölüm halları kütləvi xarakter alıb, Azərbaycanın səhiyyə imkanları isə "tam imkan verir ki, vəziyyət nəzarət altında qalsın".

Prezident tibbi avadanlığın, dərman preparatlarının alınmasına "böyük vəsaitin ayrıldığını" bildirib və əlavə edib ki, koronavirusla mübarizə daxil olmaqla bütün digər fəsadlara ümumilikdə 3.5 milyard manat vəsait ayrılıb.

"Təcili tibbi yardımda nəyə görə təchizat yoxdur?
Tibbi ekspert, professor Adil Qeybulla deyir ki, Azərbaycanda Covid-19 virusu ilə bağlı situasiya "ciddiləşib" və ölkə "İtaliya nümunəsini yaşaya bilər".
Təcili tibbi yardımdan şikayətlər niyə artıb?
"Gündə bu qədər xəstə sayı ilə Bakı xəstəxanalarında, yəni, koronavirus üçün ayrılan xəstəxanalarda təbii ki, yer yoxdur, xəstələrin bir hissəsi rayonlara daşınır", - Adil Qeybulla deyir, - "Təcili yardım da aparmağa yer tapmır", - professor əlavə edir.

Azərbaycanlı təcili tibbi yardım həkiminin hekayəsi
Ev təcridini pozanları cəzalandırmaq qərarı hüquqidirmi?
Cənab Qeybulla söyləyir ki, "koronavirus xəstələrinin sayı artdıqca, tibb işçilərinin sayı çatışmayacaq".

"Bizim bu qədər reanimatoloqlarımız, pulmonoloqlarımız, tibb bacılarımız yoxdur ki, bunlarla məşğul olsun. Özü də bunlar ön cəbhədir. Bilirsiniz nə qədər həkim, tibb bacısı xəstədir? Neçə həkim rəhmətə gedib. Heç kim bunlardan danışmır. Vəziyyət çox ciddidir. Təsəvvür edin ki, təcili yardım gündə 300-400, bəlkə daha çox xəstənin evinə gedir, xəstəxanaya daşıyır. İnsanlar tələb etdikləri kimi öz üzərilərinə düşənləri də etsələr, çox yaxşı olar."

Adil Qeybulla deyir ki, təcili tibbi yardımın arsenalında bütün lazımi təchizat olmalıdır ki, onlar ehtiyac olan məqamda, ekstremal situasiyada hər işi görə bilsinlər. O qeyd edir ki, Azərbaycanda bu işlər "yarımçıq, bəziləri heç təşkil olunmayıb".

"Əslində, təcili yardımda təhlükəsizlik məsələlərini təşkil edən qurum - TƏBİB var. Sıravi həkimdə forma yoxdursa, əlində heç bir dərman yoxdursa, ona nə etmək olar? Həkim təşkilatı işlərə məsuliyyət daşımır. Həkim deyir ki, əlimdə yoxdur, ya forma var, ya dərman var, gəlib elə analgin-dimedrol vuracağam. Bu işin təşkilində problem var. Nəyə görə təchizat yoxdur? Zəng vursan, deyəcəklər ki, hər şey var, hər şey əladır. Nəticə başqa cürdür axı. Hər şey də nəticəyə görə mühakimə olunur", - cənab Qeybulla qeyd edib.

Adil Qeybulla deyir ki, Azərbaycanda bugünkü təcili yardımın maddi texniki-bazasında müəyyən işlər görülsə də, "yanaşma sistemi sovet təbabətində olduğu kimidir".

Azərbaycanda onlayn medianın fəaliyyətinin qismən məhdudlaşdırılması hüquqidirmi?
COVİD-19 xəstələrinin evdə müalicəsi "müzakirə olunur"
Azərbaycanda koronavirusun artmasının səbəbkarı vətəndaşlardırmı?
Təcili tibbi yardımdan şikayətlər niyə artıb?
"Əhali indi şikayət edir, amma..."
Cənab Qeybulla söyləyir ki, əhali təcili tibbi yardımın işindən şikayətlənir, amma onlara deyilən karantin qaydalarına əməl etmir. O, deyir ki, xəstə sayı artdıqca "vəziyyət çətinləşə bilər".

"Deyəndə ki, maska taxın, məsafə saxlayın, gigiyenik tədbirlər görün, hamı deyirdi ki, bu boş şeydir, yalandır. Əhali məsuliyyətsizlik göstərir, məsafə saxlamır, küçələrə tökülüşür, ağıllarına gələni sosial şəbəkələrdə yazırlar. Bu da nəticədir.

Artan dinamika o qədər çoxdur ki, yəqin ki, müəyyən xəstələr ev şəraitində qalmalı olacaqlar. Xəstə sayı artıqca insanlar küçələrdə yıxılıb ölə bilərlər. Kim onlara yaxın duracaq? İnsan gedib özünün əzizinə yaxın durmaqdan qorxur. Hamı tibb işçilərindən umur. Ona görə də, insanlar gərək karantin davranışlarını gözləsin ki, biz bu problemlə üz-üzə qalmayaq".

Professor deyir ki, burada həm dövlətin, həm də vətəndaşın məsuliyyəti var. O hesab edir ki, nə qurumlar işi "adekvat təşkil edə bilib", nə də "vətəndaşlar məsuliyyətli davranıb".

"Dövlət də, vətəndaş da öz üzərinə düşən işi görsə, vəziyyət müəyyən qədər yüngülləşər. Bir adamın məsuliyyətsizliyi ilə neçə adam xəstələnir".



REKLAM