Koronavirusa görə kütləvi test ediləcək? - Baş infeksionistdən AÇIQLAMA
Tədqiqatçıların fikrincə, koronavirusa görə insanın yoluxuculuq qabiliyyəti xəstəlik simptomlarının başlamasından 2-3 gün əvvəl baş verir. 7 gün ərzində isə pik həddə çatır. Bəzi alimlər hesab edir ki, epidemiyanı dayandırmaq üçün virusu yayanların 90 faizindən çoxu təyin olunmalıdır. Bunun üçün isə insanlar kütləvi şəkildə koronavirus testindən keçməlidir.
Ümumiyyətlə, dünyada, eləcə də Azərbaycanda insanların kütləvi şəkildə koronavirus testindən keçirilməsi nə qədər mümkündür və buna ehtiyac varmı?
Azərbaycanın baş infeksionisti Cəlal İsayev Lent.az -a açıqlamasında bunun mümkün olmadığını deyib: "Azərbaycanda 10 milyondan çox əhali var. Bu qədər əhalinin testə cəlb edilməsi nə dərəcədə düzgün olardı? Götürək, Amerika Birləşmiş Ştatlarını. 300 milyondan artıq əhalini koronavirusa görə testə cəlb etmək mümkündürmü? Təbii ki, yox. Bunun üçün illərlə vaxt lazımdır. Ona görə də yalnız şübhəlilər, xəstə insanlarla təmasda olanlar, epidemioloji cəhətdən təhlükəli bölgədən gələn insanların testini aparmaq vacib şərt hesab olunur. İnsanların kütləvi testə cəlb olunması nə vaxt, nə də maddi cəhətdən mümkün deyil".
C.İsayev bildirib ki, özündən şübhələnən, koronavirusa xas əlamətləri hiss edən, yaxud xəstə ilə təmasda olanlar müayinəyə cəlb edilsə, kifayətdir.