Hande Harmancı üzr istədi - Foto
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı sosial şəbəkədə yayılan şəkilləri ilə bağlı mətbuat üçün açıqlama yayıb.
ÜST ofisindən Axar.az-a daxil olan mətndə deyilir:
“Əziz dostlar,
Sosial mediada paylaşdığım və mənfi reaksiyaya səbəb olan şəkillərlə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm.
Bildiyiniz kimi, COVİD-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər.
İyunun 13-də həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib.
Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm”.
Qeyd edək ki, H.Harmancının Qubada istirahət mərkəzindən paylaşdığı foto sosial şəbəkələrdə birmənalı qarşılanmamışdı.