İbrahim Məmmədov: Rayonlara gediş-gəlişin və sərhədlərin açılması sanitar-epidemioloji vəziyyətdən asılıdır
Rayonlara gediş-gəlişin və sərhədlərin açılması sanitar-epidemioloji vəziyyətdən asılıdır. Mütəxəssislər nə zaman hesab edəcəklər ki, gediş-gəliş əhali üçün təhlükəli deyil, o zaman qərar veriləcək.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
"Şadlıq saraylarının fəaliyyət göstərməsinə gəlincə, bu məsələ də sanitar-epidemioloji vəziyyətdən asılıdır. Biz iyun-iyul aylarında vəziyyətin necə olacağı haqqında əvvəlcədən bir şey deyə bilmərik. Bugünkü vəziyyətə istinadən deyə bilərik ki, şadlıq evləri fəaliyyət göstərmir və hələ açılması da gözlənilmir. Qarşıdakı günlərdə, növbəti həftələr ərzində sanitar-epidemioloji vəziyyətdən asılı olaraq müzakirə olunub, müvafiq qərar veriləcək", - deyə İ.Məmmədov bildirib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bağçaların açılmasının da epidemioloji vəziyyətdən asılı olduğunu deyib: "Mütəxəssislər, Qərargah üzvləri bununla bağlı qərar verəndən sonra bağçalar açıla bilər. Düşünürəm ki, yaxın zamanlarda bu məsləyə baxılmayacaq".