Avtobuslarda olan yer qədər sərnişin daşınmasına icazə veriləcək
Ölkə daxilində koronavirusa yoluxma hallarının minimallaşdırılması və lokallaşdırılması üçün işlər görülür. Diqqətdə saxlanılan məsələlər arasında ictimai nəqliyyatla sərnişin daşınması məsələsi də var. Sərnişinlərin daşınması üçün avtobusların sayı artırılacaq. Həmçinin avtobuslarda olan yer qədər sərnişin daşınmasına icazə veriləcək.
Sehiyye.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ.Məmmədov xüsusi karantin rejimində Bakı Nəqliyyat Agentliyinin metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arasında xüsusi ekspress avtobus xətlərinin tətbiq edəcəyini diqqətə çatdırıb. O bildirib ki, sərnişinlərə metrodan istifadəni minimuma endirmələri, yerüstü nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri, həmçinin səfərbərlik, hərbi xidmətə çağırış məsələlərinin də hökumətin diqqət mərkəzində olduğunu, yaxın vaxtlarda bununla bağlı qərar qəbul ediləcəyini vurğulayıb.