Suyu niyə oturan yerdə içməliyik?
Mübarək Ramazan ayında suyu yavaş-yavaş və oturan yerdə içmək məsləhətdir.
Sehiyye.info mynet.com-a istinadən verdiyi xəbərə görə, bu barədə türkiyəli diyetoloq Deniz Zünbülcan havaların isinməsi ilə əlaqədar oruc tutan insanların gün ərzində daha çox susadıqlarını vurğulayaraq danışıb.
Onun sözlərinə əsasən, bu ayda düzgün qidalandıqda, oruc tutan insan aclıq və susuzluq kimi problemlərlə qarşılaşmamalıdır.
"İftarda su içmək çox vacibdir. Suyu yavaş-yavaş, ilıq formada və mütləq oturan yerdə içmək lazımdır. O zaman bədən bu sudan yaxşı istifadə edə biləcək. Tez-tez içilən su bədənimizdən tez xaric olur və insan çox miqdarda su içdiyini düşünsə də, ertəsi gün susuzluq hiss edir. Sahurda da suyun düzgün içilməsinə diqqət yetirmək lazımdır", - deyə diyetoloq izah edib.
Zünbülcan bədənin susuzlaşmaması üçün iftar və sahurda çay və qəhvədən sonra da bir stəkan su içməyi tövsiyə edib:
"Çay və qəhvənin həddindən artıq içilməsi ertəsi gün susuzluq yaradır".
Diyetoloq Ramazan ayında oruc tutanlara susuzluq yaradan ədviyyatlı yeməklərdən də az istifadə etməyi məsləhət görüb.