Koronavirusun müalicəsində ümidverici elmi yenilik - DƏRMANLARIN ADI
Bu günə qədər COVID-19 virusuna qarşı xüsusi bir peyvəndin hələ ki olmaması virusla mübarizəni çətinləşdirsə də, digər tərəfdən artıq virusa yoluxmuş insanlarda virusu məhv etmək üçün ona qarşı dərman preparatlarının kəşfi və ya tapılması məsələsinə marağı artırır. Artıq 1 ay öncədən bildirdiyimiz və bu günə qədər preklinik mərhələdə özünü hələ ki, tam doğruldan Remdesivir preparatının bugünlərdə Amerikada da istifadəsinə qərar verildi.
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevin Lent.az -a verdiyi məlumata görə, bu istiqamətdə yeni bir elmi tədqiqatı Almaniyanın Berlin, Bonn və Köln şəhərlərindən olan alimlər aparıb.
Belə ki, onlar laboratoriya şəraitində virus səbəbi ilə hüceyrə otofaqiyası prosesində olan pozuntunu yenidən bərpa etmək üçün 3 maddədən istifadə ediblər: “Spermidin”, xərçəng müalicəsində eksperimental istifadə olunan “MK-2206” və “Niclosamid”. Laboratoriya nəticələrinə görə, Spermidin virusun çoxalmasının 85%-in, MK-2206 88%-in və Niclosamid 99%-in qarşısını alıb. Virusa yoluxmadan öncə tətbiq edilən Spermidin və ya Niclosamid hüceyrələrin virusa yoluxmasından sonra onların çoxalmasının 70%-in qarşısını alıb.
Virusun çoxalmasının 85%-in qarşısını alan Spermidin gündəlik istifadə olunan qida maddələrinin, meyvə və tərəvəzlərin, məsələn pendir, kartof, göbələk, armud, gül kələmi və brokkolinin tərkibində olsa da onun qana keçəcək və virusun çoxalmasının qarşısını alacaq lazımı miqdarı çox azdır.
Bu elmi araşdırmaya əsasən, alman tədqiqatçılarının fikrincə, Niclosamid, daha öncədən də dərman kimi mövcud olması və insanlar tərəfindən qəbulunda ağır yan təsirlərinin olmaması səbəbindən müalicə kimi istifadə etmək potensialına malikdir. Bunun üçün isə növbəti günlərdə müvafiq proseslərdən sonra artıq preparatın insanlar üzərində tətbiqinə başlanılması düşünülür.