Bakının 200-dən çox küçəsi xüsusi kimyəvi maddələrlə dezinfeksiya olunur
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə şəhərin bütün rayonlarında həyata keçirdiyi tədbirlər davam edir.
Sehiyye.info xəbər verir ki, görülən tibbi-profilaktik tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən səhər saatlarından başlayaraq paytaxdakı 200-dən çox əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.
Mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küşələrdə də dezinfeksiya işləri aparılır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri ciddi zərurət yaranmadığı təqdirdə həmin gün küçəyə çıxmamaları barədə KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.
Daxili İşlər Nazirliyinin şəxsi heyəti keçirilən növbəti genişmiqyaslı dezinfeksiya işlərinə ənənəvi olaraq dəstək verib, nazirliyin xüsusi təyinatlı texnikası dezinfeksiya tədbirlərinə qatılıblar. Həmçinin Bakı Nəqliyyat Agentliyinin əməkdaşları da tədbirdə iştirak edərək küçələrdəki dayanacaqlarda dezinfeksiya işləri keçiriblər.
Gün ərzində paytaxtın kommunal xidmətlərinin 2000 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görəcəklər.
Bununla yanaşı, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür.
Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək. "Report"