Azərbaycan Tibb Universitetində koronavirusa qarşı təkrar dezinfeksiya işləri aparılıb
Məlum olduğu kimi koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.
Azərbaycan Tibb Universitetində (ATU) də hərtərəfli tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetin 5 tədris binası, 4 tədris klinikası, 4 tələbə yataqxanası, 1 inzibati binası, idman kompleksi və Elmi-Tədqiqat Mərkəzi ikinci dəfə dezinfeksiya olunub, virus əleyhinə dərman səpilib.
Xatırladaq ki, ATU-da koronavirusa qarşı ilk dezinfeksiya işləri hələ xəstəlik haqqında ilkin xəbərlər yayılmağa başlayanda aparılıb. Ümumiyyətlə, hər tədris ilinin əvvəlində universitetin bütün tədris korpusları və klinikaları virus əleyhinə dezinfeksiya olunur.