sehiyye.info

Saxta bal hansı fəsadlar yaradır?

Saxta bal hansı fəsadlar yaradır?
Bal tərkibi çoxsaylı mineral və vitaminlərlə zəngin olan təam, saysız-hesabsız müalicəvi xüsusiyyətlərini özündə daşıyan qiymətli nemətdir. Can dərmanı hesab olunan balın 40-dək növü var. Rəngi və dadı isə tərkibindəki çiçək və otlardan asılı olaraq dəyişir.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin açıqladığı məlumatda bildirilir.

Məlumata görə, balıntərkibində 13-20 % su, 80 %-dən çox karbohidrat, 0,4 % zülal, 0,3 % kül var. Bundan başqa, üzvi turşular, fermentlər, mineral və vitaminlərlə zənginliyi balı min bir dərdin dərmanına çevirib. Sağlamlığa olan faydaları ilə yanaşı, dadlandırıcı və qoruyucu kimi qənnadı sənayesində də geniş istifadə olunur.

Bal seçiminə həmişə diqqətlə yanaşmaq lazımdır. Yalnız keyfiyyətli, təbii məhsul orqanizmə faydalı ola bilər. Satışda "bal” adı ilə geniş çeşiddə, zövqlə etiketlənmiş bankalar görmək olur. Saxta bal xoşagəlməz yan təsirlərə, müxtəlif xəstəliklərin meydana gəlməsinə səbəb ola bilər. Bəzən məhsulun tərkibində bakteriya, kif və maya göbələklərinə də rast gəlinir. Xoşbəxtlikdən bakteriya və mikrobların çoxu balda böyüyə və çoxala bilmir, lakin spor əmələ gətirən mikroorqanizmlər (Bacillus cereus, Clostridium perfringens) məhsulun tərkibində uzun müddət yaşaya bilər. Saxta balın bir sıra orqanoleptik xüsusiyyətləri təbii balla oxşar olsa da, keyfiyyətli məhsulun tərkibində fermentlər, çiçək tozu və dekstrinlər var. Saxta bal hazırlanarkən şəkərli məhsul (yemiş, qarpız, şəkər qamışı və şəkər çuğunduru), təbii (dazı otu, çay dəmləməsi, zəfəran), yaxud süni rəngləndiricilər istifadə olunur. Hazırlanmış belə məhsula dadının təbii bala uyğunlaşdırılması üçün az miqdarda xalis bal da qatılır. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, təbii bal və şəkəri ayıran çox mühüm fərqlər vardır. Şəkər həzm sistemində parçalanaraq qana keçir, lakin təbii bal parçalanmadan sürətli şəkildə qana qarışa bilir.

Şəkər tərkibli saxta məhsul qaraciyərin bəzi funksiyalarının pozulmasına səbəb olur. Bundan başqa, aktiv həyat tərzi keçirməyən insanın normadan artıq şəkər qəbulu bir çox xəstəliklərin inkişafına təkan verə bilər. Bu amil məhz xərçəng hüceyrələrinin yaranması, qaraciyər piylənməsi, depressiya və psixi pozğunluqlar, diabet xəstəliyi, normadan artıq çəki, damar tıxanıqlığı, uşaqlarda böyümə hormonlarının ifrazının ləngiməsi və orqanizmin hormonal balansının pozulması, uşaqlarda diqqət dağınıqlığı, dişlərin çürüməsi və buna bağlı böyrək və bağırsaq iltihablanmaları, orqanizmin immun sisteminin zəifləməsi üçün risk faktorudur.

Saxta balı həqiqi baldan ayırmaq üçün el arasında bir çox sınaqlar mövcuddur. Mütəxəssislərin fikrincə, istehlakçıların məhsulun qoxusuna, rənginə və dadına baxaraq keyfiyyətli olub-olmamasını ayırd edə bilməsi mümkün deyil. Təbii məhsulu laborator müayinə nəticəsində mütəxəssislər ayırd edə bilərlər.



REKLAM