sehiyye.info

Professor İbrahim Öztək: Azərbaycan koronavirus infeksiyası ilə mübarizədə geniş imkanlara malikdir

Professor İbrahim Öztək: Azərbaycan koronavirus infeksiyası ilə mübarizədə geniş imkanlara malikdir
Azərbaycan yeni tip koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını alınmaq üçün mübarizədə geniş imkanlara malikdir. Son illər səhiyyə sahəsində həyata keçirilən islahatlar, ən müasir cihazlar, müayinə aparatları ilə təchiz olunan laboratoriyalar, modern dövlət və özəl xəstəxanaları, o cümlədən yeni sağlamlıq mərkəzlərindəki ən son istehsal olan tibb avadanlıqları, son illər formalaşan kadr potensialı Azərbaycan xalqının sağlamlığının qorunmasına böyük töhfədir. Lakin heç kəs unutmamalıdır ki, öz məsuliyyəti ilə epidemiyanın sönməsinə kömək edə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli professor, tibb elmləri doktoru, tanınmış ictimai xadim İbrahim Öztək ifadə edib. Gigiyena qaydalarına riayət etmək COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması ilə mübarizədə başlıca şərt olduğunu diqqətə çatdıran professor deyib: “Azərbaycan hökuməti yeni tip koronavirusla bağlı mübarizədə əhəmiyyətli tədbirlər həyata keçirir. Görülən bütün işlər Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə uyğun aparılır. Bununla belə, dövlətin tədbirləri nə qədər təsirli olsa da, son nəticələr vətəndaşlardan çox asılıdır. Təmizliyə riayət etmək Azərbaycan xalqının genetik xüsusiyyətindəki müsbət cəhətlərdəndir. İndi vətəndaşların qarşısında iki mühüm məsələ dayanır. Birinci gündəlik həyatda daha təmiz olmaq, ikincisi virusun yayılmasının beynəlxalq təhlükə mənbəyi olduğunu dərk etmək. Bu iki məsələyə əməl edildikdə hökumətin tədbirləri güclü nəticə verəcək. Təmasların məhdudlaşdırılması, kütləvi toplanmaqdan imtina etmək, təmizlik qaydalarına əməl etmək və s. hər kəsin milli-mənəvi məsuliyyəti olmalıdır”.

Bir sıra Avropa ölkələrində infeksiyanın sürətlə yayıldığını xatırladan İbrahim Öztək əminliklə bildirib ki, virusun daha çox qeydə alındığı yerlərdə qabaqlayıcı tədbirlər görülsəydi və əhali çağırışlara əməl etsəydi indi bu xəstəliyin yayılma coğrafiyası çox məhdud olardı. Professor vurğulayıb ki, türk xalqları İslam dəyərlərinə əməl edərək gün ərzində dəfələrlə əllərini sabunla yumağa adət ediblər. Normal günlərdə də qidalanmanın əsas hissəsi evlərdə aparılır. Təhlükə sovuşana qədər insanlarımız təmizliyə daha ciddi əməl etməli, imkan daxilində ev şəraitində qidalanmalıdırlar.

Qeyd edək ki, tibb sahəsində görkəmli mütəxəssis kimi tanınan professor İbrahim Öztək İstanbuldakı keçmiş Gülhanə Hərbi Tip Akademiyasının təsisçi heyətinin üzvü olub. Hazırda Üsküdar Universitetinin tibbi patoloji kafedrasının rəhbəri və özəl Tibbi Müayinə və Laboratoriyasının müdiridir.



REKLAM