Sədaqət Vəliyeva: Tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, hər bir vətəndaşın da üzərinə müvafiq məsuliyyət qoyur
“Vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. Azərbaycan güclü dövlətdir, öz vətəndaşlarını bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. Dünya Səhiyyə Təşkilatının (DST) ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir”. Bunu AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, koronavirus infeksiyasının dünya ölkələrində geniş yayıldığı, Dünya Səhiyyə Təşkilatının qlobal pandemiya elan etdiyi şəraitdə dünya ölkələri əhalinin sağlamlığının qorunması və virusun daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq üçün ciddi tədbirlərin həyata keçirilməsinə başlayıblar. Ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkələr üçün səciyyəvi hal alıb: “Təsadüfi də deyildir ki, hazırda Azərbaycan hökuməti DST-in tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib”.
“İnfeksiyanın dünya ölkələrində geniş yayılması ilə əlaqədar DST tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunması Azərbaycanda əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirib”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət olunması üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi alqışlanılmalıdır: “Çünki, tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur. Bu, milli təhlükəsizlik və milli həmrəylik məsələsi olduğu qədər, həm də informasiya təhlükəsizliyidir. Ona görə də, tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur. Hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır. Belə bir şəraitdə məsuliyyət təkcə dövlət qurumlarının üzərinə düşmür. Burada hər bir vətəndaş sosial məsuliyyətini anlamalı və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz yerinə yetirilməsinə öz töhfəsini verməlidir”.