Hamiləlik zamanı mümkün qədər qripdən qorunmaq lazımdır
Qrip kəskin virus xəstəliyidir, hava-damcı yolu ilə yayılır. Qripin əsasən 3 seroloji tipi - A, B və C tipləri var. Onların antigen xüsusiyyətləri dəyişir. Virus tənəffüs yolu ilə orqanizmə düşür, respirator yolun silindrik epitelini, əsasən də traxeyanı zədələyir. Hamiləlik zamanı mümkün qədər qripdən qorunmaq lazımdır.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ginekoloqu, II mamalıq ginekologiya kafedrasının assistenti Səbinə Babayeva hamilə qadınların qripdən müalicəolunma üsulları barədə danışaraq deyib. Həkim bildirib ki, qripin inkubasiya dövrü 12-24 saatdır. Xəstəlik kəskin başlayır, hərarət 38-40 dərəcəyədək yüksəlir, titrətmə, ümumi intoksikasiya əlamətləri – baş ağrısı, zəiflik, əzələ ağrısı, gözdə ağrı, adinamiya baş verir. Bu cür kataral əlamətlər 2-3-cü sutkada yaranır.
“Hamilə qadının immun və endokrin sistemi pozulur. Ciftdə tromboz, qişalara, göbək ciyəsinə ocaqlı qansızma, cift qan dövranının pozulması inkişaf edir. Qrip hamiləliyin gec müddətində fetopatiyaya səbəb olur. Odur ki, hamiləlik zamanı mümkün qədər qripdən qorunmaq lazımdır. Qrip keçirən hamilə qadınların müalicəsi simptomatikdir və ev şəraitində aparılır. Belə xəstələr izolə edilməlidirlər. Onların qabları qaynar su ilə qaynadılmalıdır. Əgər ödem yoxdursa, bol maye, qələvili su içilməlidir. Hərarətsalıcı və ağrıkəsici preparatlar istifadə etmək, natrium-hidrokorbonatla boğazı qarqara etmək olar. Herpetiki səpkilər zamanı “Oksalin” mazını sürtmək məsləhətdir. Fəsadlaşmamış qrip zamanı antibiotik məsləhət deyil”, - deyə ginekoloq bildirib.