Azərbaycanda koronavirus infeksiyası aşkarlanan şəxs 23 yaşlı gəncdir
Iran İslam Respublikasından Azərbaycana daxil olan 1997-ci il təvəllüdlü Rusiya vətəndaşı yüksək hərarətlə xüsusi karantin mərkəzinə aparılıb. Ondan lazımi analizlər götürülüb. Analizlərin nəticəsində 23 yaşlı gəncin koronavirusa yoluxduğu müəyyənləşib. Hazırda onun vəziyyəti stabildir.
AZƏRTAC xəbər ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahın fevralın 28-də koronavirusla bağlı keçirilən mətbuat konfransında deyib.
Şöbə müdiri bildirib ki, sərhəd-keçid məntəqələrində ikimərhələli yoxlamalar mövcuddur. Bütün xəstəxanalarda işçilər qoruyucu vasitələrlə, tibb müəssisələri isə zəruri dərman preparatları ilə təmin olunub. Qobustan, Astara və Cəlilabad rayon xəstəxanaları karantin xəstəxanalarıdır. Dəstək olaraq da Biləsuvar, Masallı rayon xəstəxanaları və Bakıda 1 saylı Kliniki Tibbi Mərkəz, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və 7 saylı Uşaq Xəstəxanası ayrılıb.