Cəlilabad xəstəxanasına yerləşdirilən İrandan gələnlərin səhhətində hər hansı problem aşkarlanmayıb
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, fevralın 26-da həkim müayinəsi üçün xəstəxanaya 29 nəfər daxil olub. Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Xatırladaq ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib. Hazırda ümumilikdə 52 nəfərdən 2-sinin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir.
Məlumatda ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədilə sosial şəbəkələr vasitəsilə yayılan yalan məlumatlara etibar etməmək xahiş olunur.