92 il bundan əvvəl ilk dəfə olaraq süni yolla D vitamini əldə edilib
D vitamini çatışmazlığından əziyyət çəkən bütün planet sakinləri 1928-ci il fevralın 5-də hədiyyə aldılar. Həmin tarixdə insanın qida rasionunun dəyişməz hissəsini sintezləşdirmək mümkün oldu.
AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, sterinləri 30 ildən çox öyrənən alman kimyaçı Adolf Vindaus 1928-ci ildə erqosterolu – ultrabənövşəyi şüaların təsiri altında erqokalsiferola çevrilən D provitaminini müşahidə etdi. Elə həmin il Vindaus bu kəşfə görə kimya sahəsində Nobel mükafatına layiq görülüb.
Daha sonra, 1931-1937-ci illərdə D vitamininin və onun provitamininin kimyəvi quruluşunun şifri açıldı. Həmçinin aydın oldu ki, ultrabənövşəyi şüaların təsiri altında dəridə bir qədər D vitamini əmələ gələ bilər. Həm də nəzərə almaq lazımdır ki, bu, həm günəş, həm də kvarts lampasının köməyi ilə şüalanma ola bilər.
Kalsiferollar (D vitamini) raxitəleyhinə təsirə malik yağlarda həll olan vitamin qrupudur (D1, D2, D3, D4, D5). Bu qrup, həmçinin kalsium və fosfor mübadiləsini tənzimləyir: kalsiumun bağırsaqda hopması prosesində iştirak edir, paratireoid hormonla qarşılıqlı əlaqə yaradır, sümüklərin kalsium ilə zənginləşməsinə cavab verir.
Uşaq yaşlarında sümüklərdə kalsium və fosfor duzlarının miqdarının az olması nəticəsində yaranmış D vitamini çatışmazlığı sümük əmələ gəlmə (boyatma və sümükləşmə) prosesinin pozulması ilə nəticələnir, beləcə raxitlik inkişaf edir.
Raxit hər şeydən əvvəl ən geniş yayılmış uşaq xəstəliklərindən biridir, çox qədim vaxtdan məlumdur. Flamand rəssamlarının əsərlərində onurğası, əlləri və ayaqları əyilmiş uşaq təsvirləri raxitə hələ XV əsrdə rast gəlindiyini açıq-aşkar sübut edir. Raxit daha çox Böyük Britaniyada geniş yayıldığından onu həm də “ingilis xəstəliyi” adlandırıblar.
Bu gün, raxitin səbəbi məlum olduğu bir vaxtda, həkimlərin uşaqlar üçün tövsiyə etdikləri profilaktik tədbirlər nəticəsində (bunların sırasına tərkibində D vitamini olan dərmanların qəbulu da daxildir) xüsusən iri sənaye şəhərlərində bu uşaq xəstəliyindən xilas olmaq mümkündür.