sehiyye.info

Kəmərləyici dəmrov xəstəliyi əsasən 60 yaşdan yuxarı insanlarda rast gəlinir

Kəmərləyici dəmrov xəstəliyi əsasən 60 yaşdan yuxarı insanlarda rast gəlinir
El arasında deyirlər ki, suçiçəyini uşaq vaxtı çıxarmaq yaxşıdır, çünki yaşlananda daha ağır keçir. Amma bunu deyənlərin çoxu kəmərləyici dəmrov xəstəliyini yaradan əsas səbəbin məhz uşaqlıqda çıxarılan suçiçəyi olduğunu bilmir.

Kəmərləyici dəmrov suçiçəyi infeksiyasını törədən virusla əlaqədar inkişaf edən infeksion xəstəlikdir. Uşaqlıqda keçirilmiş suçiçəyindən sonra bəzən virus orqanizmdən təmizlənmir və sinir hüceyrələrində, əsasən də onurğa beyninin arxa buynuzları və sinir kələflərində qalır. Emosional stress, onkoloji xəstəliklər, kimyəvi müalicələr, uzun müddətli hormonal və immunodepressiv müalicə kimi immun müqavimətini zəiflədən hallar zamanı on illərlə “mürgüləyən” infeksiya fəallaşır və kəmərləyici dəmrovun inkişafına rəvac verir. Hansı yaşda olmasından asılı olmayaraq suçiçəyi keçirən adam kəmərləyici dəmrova potensial namizəd sayılır. Xəstəlik əsasən 60 yaşdan yuxarı insanlarda rast gəlinir. Xəstə ilə əlaqəsi olan uşaqlarda isə suçiçəyi infeksiyası inkişaf edir.

Bu barədə AZƏRTAC-a məlumat verən Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: “Kəmərləyici dəmrovun bir neçə forması var: dəri, göz və qulaq, qanqrenoz (nekrotik), vegetetiv qanqlionların zədələnməsi ilə gedən, meninqoensefalitik, disseminə olunmuş (yayılmış) formalar. Ən çox xəstəliyin dəri forması yayılıb. Xəstəlik kəskin şəkildə halsızlıq, qızdırma, səpgilərin əmələ gələcəyi nahiyədə zəif qaşınma və güclü yandırıcı ağrı ilə başlayır. Adətən həmin mərhələdə ağrının səbəbi aydın olmur. Sinirlərin istiqaməti boyu 3-5 santimetrlik çəhrayı ləkələr və səpgilər əmələ gəlir. Təxminən bir sutkadan sonra onların fonunda içi şəffaf maye ilə dolu qovucuqlar yaranır. Səpgilər ən çox sinir boyu yayılır və onları zədələdiyi üçün şiddətli ağrılar verir. Başda və üzdə olması daha ağrılı olur. 2-4 həftə ərzində qovucuqların üzərində əmələ gələn sarımtıl-qəhvəyi qartmaqlar quruyur və qopduqdan sonra yerində piqment ləkələr qalır. Adətən ağrı çox güclü olur, azacıq toxunma, hərəkət və soyuğun təsiri zamanı artır. Səpgilər əmələ gəldikdən sonra ağrıların intensivliyi nisbətən azalır, lakin həftələr və aylarla davam edir. Nadir hallarda xəstəlik səpgisiz, yalnız intoksikasiya və ağrı ilə özünü göstərir. Belə hallarda diaqnoz qoymaq olduqca çətin olur.

Kəmərləyici dəmrovun göz formasının gedişatı olduqca ağırdır və üçlü sinirin zədələnməsi ilə müşayiət olunur. Səpgilər üçlü sinirin şaxələri boyu yayılır, gözün və burunun selikli qişasında, üz dərisində lokalizasiya olur. Çox vaxt göz alması da zədələnir, virus keratiti, bəzi hallarda irit və qlaukoma inkişaf edir.

Qanqrenoz forma adətən orqanizmin müqaviməti çox zəifləyən zaman müşahidə olunur, dərinin dərin zədələnməsi və nekrozla nəticələnir.

Meninqoensefalitik kəmərləyici dəmrova nadir hallarda rast gəlinir və ağır forma hesab olunur. Dəri əlamətləri ilə başlasa da, bir neçə gündən sonra müvazinətin pozulması, hallusinasiya və huşun alaqaranlıqlaşması inkişaf edir”.

Xəstəliyin profilaktikası barədə danışarkən həkim-dermatoloq 2006-cı ildə Avropa İttifaqında kəmərləyici dəmrov əleyhinə vaksin hazırlandığını və onun yaşı 60-dan yuxarı olanlar üçün nəzərdə tutulduğunu qeyd edib: “Onlara uşaqlara vurulan suçiçəyi peyvəndinin böyük dozası vurulur. Təcrübə göstərir ki, uşaqlıqda suçiçəyi keçirənlərə peyvənd edilməsi onlarda kəmərləyici dəmrovla xəstələnmə hallarının sayını minimuma endirir, xəstəliyə yoluxanlar isə prosesi yüngül keçirirlər.

İnfeksiyanın yayılmasının qarşısını almaq üçün xəstəlik başlayandan səpgilər qabıqlanana qədər çimmək qadağan olunur. Xəstəliyin ilk günlərində intoksikasiya və ağrını azaltmaq, infeksiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər görülür. Virus əleyhinə ağrıkəsici, immunstimulyator və vitamin preparatları təyin olunur, dərinin səpgi olan nahiyələri antiseptik və virus əleyhinə məlhəmlərlə işlənilir”.



REKLAM