sehiyye.info

Tibbi xidmətin tarifinin sığorta hadisəsi zamanı ödənilməli olan müəyyən hissəsinin müştərək maliyyələşmə məbləği açıqlanıb

Tibbi xidmətin tarifinin sığorta hadisəsi zamanı ödənilməli olan müəyyən hissəsinin müştərək maliyyələşmə məbləği açıqlanıb
Azərbaycanda tibbi xidmətin tarifinin sığorta hadisəsi zamanı sığortaolunan tərəfindən ödənilməli olan müəyyən hissəsinin müştərək maliyyələşmə məbləği açıqlanıb.

“Report” xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə öz əksini tapıb.

Tibbi xidmətin tarifinin sığorta hadisəsi zamanı sığortaolunan tərəfindən ödənilməli olan müəyyən hissəsi müştərək maliyyələşmə məbləğidir. Müştərək maliyyələşmə məbləği ixtisaslaşdırılmış ambulator tibbi yardım və stasionar tibbi yardım xidmətlərə görə müraciət zamanı Xidmətlər Zərfində müəyyən edildiyi şərtlərə riayət edilmədiyi hallarda bütün sığortaolunanlara şamil olunur. Müştərək maliyyələşmə məbləğinin ödənilməsi şərtləri Xidmətlər Zərfi ilə müəyyən edilir və tibb müəssisəsinə birbaşa ödənilir.

Ambulator şəraitdə göstərilən xidmətə tətbiq edilən müştərək maliyyələşmə məbləği aşağıdakı qaydada ödənilir:

İnzibati ərazi daxilində: Vətəndaş ailə həkiminin göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə görə müraciət etdikdə hər bir sığorta hadisəsi üzrə 5 (beş) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, siz Şəki şəhərində qeydiyyatdasınız. Ailə həkiminə müraciət etmədən birbaşa Şəki şəhərində yerləşən tibb müəssisəsinə ixtisas həkiminə müraciət edirsiniz. Xidmətlər Zərfində müəyyən edildiyi şərtlərə riayət etmədiyinizə görə, tibb müəsissəsinə 5 (beş) manat müştərək maliyyələşmə məbləği ödəməli olacaqsınız.

Tibbi ərazi bölməsi daxilində: Vətəndaş ailə həkiminin göndərişi olmadan tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 5 (beş) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, siz Şəki şəhərində qeydiyyatdasınız. Təhkim olunduğunuz tibb müəssisəsinin ailə həkiminə müraciət etmədən Qaxda (tibbi ərazi bölməsi daxilində, lakin qeydiyyatda olduğunuz inzibati ərazidən kənarda) yerləşən tibb müəssisəsinə ixtisas həkiminə müraciət edirsiniz. Bu zaman tibb müəssisəsinə 5 (beş) manat müştərək maliyyələşmə məbləği ödəməli olacaqsınız.

Tibbi ərazi bölməsindən kənarda: Vətəndaş ailə həkiminin göndərişi olmadan qeydiyyatda olduğu tibbi ərazi bölməsindən kənarda, yəni icbari tibbi sığorta tətbiq olunan digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 15 (on beş) manat müştərək maliyyələşmə məbləği ödəməlidir.

Məsələn, siz Şəki şəhərində qeydiyyatdasınız. Təhkim olunduğunuz tibb müəssisəsinin ailə həkiminə müraciət etmədən Şamaxıda (tibbi ərazi bölməsindən kənarda) yerləşən tibb müəssisəsinə ixtisas həkiminə müraciət edirsiniz. Bu zaman tibb müəssisəsinə 15 (on beş) manat müştərək maliyyələşmə məbləği ödəməli olacaqsınız.

Stasionar şəraitdə göstərilən xidmətə tətbiq edilən müştərək maliyyələşmə məbləği isə aşağıdakı qaydada ödənilir:

Tibbi ərazi bölməsi daxilində: Vətəndaş yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan tibbi ərazi bölməsi daxilində (qeydiyyatda olduğu inzibati ərazi istisna olmaqla) digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət etdikdə 100 (yüz) manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 30 (otuz) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, siz Quba rayonunda qeydiyyatdasınız. Təhkim olunduğunuz tibb müəssisəsinin ailə həkiminə müraciət etmədən Xaçmazda (tibbi ərazi bölməsi daxilində, lakin qeydiyyatda olduğunuz inzibati ərazidən kənarda) yerləşən tibb müəssisəsinə stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət edirsiniz. Xidmətlər Zərfində müəyyən edildiyi şərtlərə riayət etmədiyinizə görə, tibb müəssisəsinə 30 (otuz) manat müştərək maliyyələşmə məbləği ödəməli olacaqsınız.

Tibbi ərazi bölməsindən kənarda: Vətəndaş yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan tibbi ərazi bölməsindən kənarda, yəni icbari tibbi sığorta tətbiq olunan digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət etdikdə 100 (yüz) manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 90 (doxsan) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, siz Quba rayonunda qeydiyyatdasınız. Təhkim olunduğunuz tibb müəssisəsinin ailə həkiminə müraciət etmədən Şamaxıda (tibbi ərazi bölməsindən kənarda) yerləşən tibb müəssisəsinə stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət edirsiniz. Xidmətlər Zərfində müəyyən edildiyi şərtlərə riayət etmədiyinizə görə, tibb müəssisəsinə 90 (doxsan) manat müştərək maliyyələşmə məbləği ödəməli olacaqsınız.

Eyni zamanda, vətəndaş ambulator şəraitdə göstərilən bütün maqnit rezonans və kompüter tomoqrafiyası xidmətlərinə görə hər sığorta hadisəsinə görə 20 manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunana bütün tibbi xidmətlər həkimin (ixtisaslı həkim, ailə həkimi, sahə-terapevti, sahə-pediatrı) göndərişi əsasında həyata keçirilir. Həkim müayinəsindən keçmədən göstərilən bütün laborator və diaqnostik xidmətlər icbari tibbi sığorta təminatı çərçivəsində qarşılanmır və vətəndaşın vəsaiti hesabına ödənilir.

Vətəndaş tərəfindən Xidmətlər Zərfində müəyyən edildiyi şərtlərə uyğun olaraq (ilkin olaraq ailə həkiminə müraciət olunduqda, ailə həkimin göndərişi əsasında ixtisaslı həkimə müraciət olunduqda) icbari tibbi sığorta təminatı çərçivəsində ixtisaslaşdırılmış ambulator tibbi yardım (KT, MRT xidmətləri istisna olmaqla), stasionar tibbi yardım, o cümlədən təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün müraciət olunduğu halda müştərək maliyyələşmə məbləği ödənilmir.

Müştərək maliyyələşmə məbləğinin tətbiqinə 1 aprel 2020-ci ildən başlanılacaq.



REKLAM