Körpənin normal yuxusu onun sağlam böyüməsi üçün çox vacibdir
Uşaqların sağlam böyüməsi üçün zəruri olan amillərdən biri də gecə yuxusudur. Böyüyən orqanizmin fiziki və psixomotor inkişafında yuxu əhəmiyyətli rol oynayır. Aparılan araşdırmalar göstərir ki, vaxtında yatmaq uşaqların normal böyüməsinə və yaddaşa müsbət təsir göstərir.
Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a deyib: “Yeni doğulan körpələr günün 17 saatını yuxuda keçirir. Onlar gündüz 8, gecə 9 saata qədər yatırlar. Üç aylıq körpələr 3-4 saat gündüz. 12 saat gecə olmaqla 15-16 saatı yuxuda keçirirlər. Uşaq böyüdükcə yuxu saatları da dəyişir. 6 yaşından yuxarı uşaqların yuxu rejimi onların fizikli aktivliyi də nəzərə alınmaqla müəyyən edilir. Uşaqlar axşam saat 9-dan gec olmayaraq yatmalıdırlar”.
Yuxusu qaçan uşaqları yatırtmaq üçün cəhd edən valideynlər də az deyil. Həkim-pediatr deyib ki, uşağın gecə yatmaması onun sağlamlığı ilə əlaqədar hansısa problemə görə də ola bilər. Belə olan halda həkimə müraciət etmək məsləhətdir.
Uşağın tez və rahat yuxuya getməsi üçün rejim də vacib amillərdən sayılır. Hər gün eyni vaxtda yatmaq zamanla vərdişə çevrilir. Uşaqların yatması üçün otaqda təmiz havanın vacibliyini qeyd edən mütəxəssislər yatmamışdan öncə pəncərəni açmağı və otağın havasını dəyişməyi məsləhət görürlər. Yatmazdan əvvəl qida qəbulu da tövsiyə edilmir.