Öldükdən sonra belə, dərdlərə dərman olan canlı
Arı cəsədindən hazırlanan dərmanlar qalxanvari vəzin xəstəliklərində, böyrəyin fəaliyyətinin nizamlanmasında əvəzsiz vasitədir, qandakı toksinləri, zəhərli maddələri təmizləyir, revmatik ağrılarda kömək edir, qan təzyiqini normallaşdırır.
Arı məhsullarının şəfaverici gücü hər kəsə məlumdur. Bal, arı mumu, propolis, arı südü kimi məhsullar bir çox xəstəliklərdən qorumaq, sağlamlığımızı möhkəmləndirmək kimi xüsusiyyətlərə malikdir.
Maraqlıdır ki, hətta öldükdən sonra belə, bu möcüzəli kiçik zəhmətkeşlər insana şəfa verə bilir. 20 ildir arıçılıqla məşğul olan Qazax rayon Aşağı Salahlı kənd sakini İlqar Həsənov bu dəyərli canlının digər məhsulları kimi, ölmüş arılardan da dərman vasitələri hazırlayır. O, hazırladığı məhlulların yüzədək xəstəliyin müalicəsində yardımçı olduğunu söyləyir.
Qazax rayon Aşağı Salahlı kənd sakini İlqar Həsənov
“Arı cəsədindən hazırlanan dərmanları yüzədək xəstəlikdə köməkçi vasitə kimi istifadə edirik. Qalxanvari vəzin xəstəliklərində, böyrəyin fəaliyyətinin nizamlanmasında əvəzsiz vasitədir. O, eyni zamanda qandakı toksinləri, zəhərli maddələri təmizləyir, revmatik ağrılarda kömək edir, qan təzyiqini normallaşdırır. Həmçinin ürək-damar sistemini möhkənləndirir”, - İ.Həsənov məlumat verib.
Arıçı bütün bunlara baxmayaraq arı cəsədindən hazırlanan dərmanların heç bir əks-təsirinin olmadığını deyir.
Arı cəsədindən hazırlanan dərmanların tərkibində xitozan maddəsi var ki, insan üçün çox faydalıdır
“Arı südündə, güvə yağında əks-təsir var, bal allergiyaya səbəb ola bilir, amma arı cəsədindən hazırlanan dərmanların heç birinin əks-təsiri yoxdur. Onun tərkibində xitozan maddəsi var ki, insan üçün çox faydalıdır. O, qanda xolesterini azaldır, bağırsaqları təmizləyir. Revmatik xəstəliklərə, müsbət təsir etməklə, böyrəyin fəaliyyətini yaxşılaşdırır, qan təzyiqini normallaşdırır”, - deyə o bildirib.
Elm adamları ölmüş arıların üzərində xitozandan başqa heparin və heparoid kimi maddələrin çox olduğunu sübut edib. Eyni zamanda müəyyən olunub ki, arı ölsə belə, bütün arı komponentləri - propolis, çiçək tozu, arı südü, arı zəhəri onun cəsədində qalır. Bu səbəbdən hazırlanan dərman vasitəsi bütün bu komponentləri özündə cəmləşdirir.
Elm adamları ölmüş arıların üzərində xitozandan başqa heparin və heparoid kimi maddələrin çox olduğunu sübut edib
İstifadə qaydasına görə isə arıçı müxtəlif mənbələrdə müxtəlif dozalar yazıldığını deyib:
“İstifadə qaydasını müxtəlif mənbələr fərqli formada yazır. Ən çox yayılmış doza körpə uşaqlara bir çay qaşığı suya hər yaşa görə bir damcı qatmaqla gündə iki dəfə verilir. 15 yaşdan sonra isə artıq günə 2 çay qaşığı içmək mümkündür”, - deyə arıçı bu vasitənin müalicəvi faydaları haqda danışıb.
Bölgənin ən tanınmış arıçılarından olan İlqar Həsənov bal arısından aldığı müxtəlif məhsullarla paytaxtda keçirilən bal yarmarkalarında mütəmadi olaraq iştirak edir.Sputnik.az