sehiyye.info

Ötən il 1 milyondan çox insana icbari tibbi sığorta xidməti göstərilib

Ötən il 1 milyondan çox insana icbari tibbi sığorta xidməti göstərilib
2018-ci ildə Azərbaycanın üç bölgəsində tətbiq edilən pilot layihə çərçivəsində 1 milyondan çox insana icbari tibbi sığorta (İTS) xidməti göstərilib.

Sehiyye.info xəbər verir ki, bunu "Xalq qəzeti"nə müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, İTS-in pilot layihə çərçivəsində tətbiqi ilk olaraq Mingəçevir şəhəri və Yevlax rayonunda, 2018-ci ildən isə Ağdaş rayonunda həyata keçirilib və pilot layihə çərçivəsində bir sıra mühüm addımlar atılıb:

"Əhalisi 340 min nəfər təşkil edən pilot ərazilərdə sığorta olunanlar və 30 minə yaxın məcburi köçkün baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilib və əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü əhəmiyyətli dərəcədə azaldılıb. Mövcud maddi-texniki baza və kadr resursları ilə daha çox pasiyentə xidmət göstərilib və nəticədə 2018-ci ildə pilot ərazilərdə ambulatorpoliklinik gəlişlərin sayı 1,1 milyon olub, adambaşına düşən həkimə gəlişlərin sayı 3,2 dəfə təşkil edib. Evə yazılan xəstələrin sayı isə 21 min 454 nəfər olmaqla 2016-cı illə müqayisədə 11 faiz artıb. 2017-ci ildə cərrahi əməliyyatların sayı 9645, 2018- ci ildə isə 9346 olub. Ürək əməliyyatlarının sayı 2017-ci ildə 375, 2018-ci ildə isə 112 təşkil edib. Bununla yanaşı, İTS-in tətbiqi nəticəsində pilot ərazilərdə anadangəlmə ürək qüsuru ilə doğulan 37 uşaq əməliyyat edilərək sağlamlıqlarına qovuşublar".



REKLAM