sehiyye.info

1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günüdür
Hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü qeyd edilir. “İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Qazanılmış İmmun Çatışmazlığı Sindromu – QİÇS insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Avropa ölkələrinin əksəriyyətində bu xəstəliyə düçar olanların vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin həmin insanlara münasibətini dəyişdirmək üçün tədbirlər görülür, tibbi, maddi və digər yardımlar göstərilir.



1988-ci ildə əhalinin immun çatışmazlığı ilə əlaqədar keçirilmiş dünya ölkələrinin səhiyyə nazirlərinin sammitindən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BMT-nin dəstəyi ilə hər il dekabrın 1-ni Ümumdünya QİÇS-lə Mübarizə Günü elan etdi. Bu gün dünyanın hər yerində əhalinin diqqəti bu problemə yönəldilir, insanlar maarifləndirilir. Xüsusilə iqtisadi cəhətdən zəif inkişaf etmiş, təhsil səviyyəsinin aşağı olduğu ölkələrdə bu xəstəlikdən əzab çəkənlərin say çoxluğunu nəzərə alaraq, onlara müxtəlif proqramlar, layihələr vasitəsilə köməklik göstərilir.



Azərbaycanda da bu problem aktual olaraq, daim Səhiyyə Nazirliyinin nəzarətindədir. QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik vasitələrin istifadəçiləri arasında yayılıb.



2010-cu ildə Milli Məclisdə “İnsan immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (QİÇS) yayılmasının qarşısının alınması haqqında” qanun qəbul edilib. Hazırda bu sindromu bilərəkdən yayanları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.



Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı




REKLAM