Türkiyədə hər il təxminən 4 min nəfərə QİÇS diaqnozu qoyulur
Dünyada İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) və Qazanılmış İmmunçatışmazlığı Sindromuna (QİÇS) yoluxma hələ də aktual problemlərdən biridir. Bu problemlə üzləşən ölkələrdən biri də Türkiyədir.
Sehiyye.info xəbər verir ki, bunu Türkiyənin Cerrahpaşa Tibb Fakültəsi Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Bölməsinin müəllimi, İİV infeksiyası dərnəyinin rəhbəri professor Fehmi Tabak bildirib.
Professor sözügedən problemlərlə bağlı cəmiyyətdə səhv məlumatların olduğunu bildirərək deyib: “İİV və QİÇS bir-biri ilə əlaqəli olmasına baxmayaraq, iki fərqli xəstəlikdir. İİV insanın immun sistemini məhv edir ki, bunun da nəticəsində QİÇS meydana çıxır”.
Xəstəliyə dünyada ilk dəfə 1980-cı ildə rast gəlindiyini deyən professor bildirib: “Ötən 39 il ərzində dünyada təxminən 78 milyon nəfərə İİV diaqnozu qoyulub ki, onlardan da təxminən 38 milyonu həyatını itirib. Hazırda dünyada hər il təxminən 2 milyon insana İİV virusu diaqnozu qoyulur və onların yarısı ölür. Son hesablamalara görə, hazırda dünyada 37 milyona yaxın İİV virusu daşıyıcısı var”.
Türkiyədə ilk dəfə bu problemin 1985-ci ildə meydana çıxdığını deyən F.Tabak bildirib ki, o zamandan bu günədək ölkədə 20 min nəfərə QİÇS diaqnozu qoyulub. Lakin son illərdə bu say artmaqdadır. Belə ki, son bir neçə il ərzində Türkiyədə hər il təxminən 4 min nəfərə QİÇS diaqnozu qoyulur.
Professor 20 il əvvəl başladılan müalicə üsullarının hələ də davam etdirildiyini, gündə 1-2 dərmanla xəstəliyi nəzarət altında saxlamağın mümkün olduğunu bildirib. F.Tabak bu problemlə səmərəli mübarizə aparmaq üçün ilkin diaqnozun düzgün qoyulmasının əhəmiyyətini qeyd edib.AZƏRTAC