sehiyye.info

Səhiyyə üçün xoş xəbər: QİÇS virusunu zərərsizləşdirən mexanizm tapıldı

Səhiyyə üçün xoş xəbər: QİÇS virusunu zərərsizləşdirən mexanizm tapıldı
Sözügedən mexanizmin aşkar edilməsi antiviral preparatların əldə edilməsinə, eləcə də bu preparatların oxşar təsirli xəstəliklərin müalicəsində istifadəsinə imkan verir

Rusiyalı, isveçrəli, britaniyalı, amerikalı və finlandiyalı alimlərdən ibarət tədqiqat qrupu QİÇS virusunun molekulunu zərərsizləşdirən mexanizm aşkar ediblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə xəbəri Cənubi Ural Dövlət Universitetinin mətbuat xidməti yayıb.

Məlumata görə, sözügedən mexanizmin aşkar edilməsi antiviral preparatların əldə edilməsinə, eləcə də bu preparatların oxşar təsirli xəstəliklərin müalicəsində istifadəsinə imkan verir.

"Əldə edilmiş nəticələrin vacibliyi ondan ibarətdir ki, eyni preparat fərqli xəstəliklərin (xərçəng, insanın immunçatışmazlığı virusu (İİV) və s.) müalicəsində istifadə oluna bilər", - universitetin yaydığı press-relizdə deyilir.

Tədqiqatlarda iştirak etmiş alimlərdən biri, kimya elmləri doktoru, professor Oleq Rakitin kəşf edilmiş mexanizmin təsir prinsipini izah edərkən bildirib ki, tədqiq olunan antiviral orqanik birləşmə insan orqanizminə düşərkən virus molekulundan sink atomunu "çıxartmağa" kömək edir. Bu isə virusun dezaktivasiya olmasına gətirib çıxarır.

Yayılmış məlumatda həmçinin bildirilir ki, antiviral preparatın bu cür təsiri ilk dəfə aşkar edilib.

Bundan başqa, tədqiqat prosesində yüksək antiviral aktivliyə malik olan, lakin orqanizmin adi hüceyrələrini "zəhərləməyən" preparatlar da aşkar edilib.Sputnik.az



REKLAM