Çəkisi 35 kiloqram olan yeniyetməyə anasının böyrəyi köçürülüb
Uzun müddət ərzində xroniki böyrək çatışmazlığından əziyyət çəkən yeniyetmə qız mütəmadi hemodializ seansları qəbul etdiyindən onda kaxeksiya – orqanizmin ekstremal tükənməsi inkişaf etmişdi. Maddələr mübadiləsinin pozulması səbəbindən, orqanizmdə ümumi zəiflik fonunda, fizioloji proseslərin fəallığının və iştahanın azalması xəstədə bədən kütləsinin kəskin aşağı düşməsi ilə nəticələnmiş və onun çəkisi 35 kiloqrama düşmüşdü.
Bu barədə Respublika Müalicəvi Diaqnostika Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, böyrək xəstəlikləri və transplantologiya şöbəsinə ağır vəziyyətdə müraciət edən 17 yaşlı qız üzərində böyrəkköçürmə əməliyyatı urologiya və transplantologiya sahəsində həkim-cərrah, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərliyi ilə uğurla həyata keçirilib. Donor xəstənin 45 yaşlı anası olub.
Kifayət qədər riskli olan əməliyyat uğurla icra edilib. Köçürülmüş böyrək hazırda normal fəaliyyət göstərir və xəstənin çəkisində artım müşahidə edilir.