sehiyye.info

Bakıda II Milli Ortopedik Simpozium keçirilib

Bakıda II Milli Ortopedik Simpozium keçirilib
İyunun 27-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) II Milli Ortopedik Simpozium keçirilib. Tədbir İSİM və “Hemofiliyalı xəstələr” İctimai Birliyinin təşkilatçılığı, Dünya Hemofiliya Federasiyasının dəstəyi ilə təşkil olunub. Bu barədə AZƏRTAC-a İSİM-in Səhiyyə kommunikasiyası şöbəsindən bildirilib.

Simpoziumun təşkilində məqsəd hemofiliyanın əsas və yayılmış fəsadlarından olan hərəkət-dayaq sisteminin patologiyası, əzələ atrofiyasının qarşısının alınmasında dünya ortopedləri ilə təcrübə mübadiləsi aparmaq, bu sahədə birgə əməkdaşlığı inkişaf etdirməkdir.

Tədbiri giriş sözü ilə İSİM-in direktoru Qəhrəman Haqverdiyev açaraq bildirib ki, hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsi məsələsi daim aktualdır: “İnsan qanında bəzi laxtalanma faktorlarının irsən çatışmazlığı nəticəsində əmələ gələn hemofiliya xəstəliyi dünyada geniş yayılıb. Bu irsi xəstəlikdən əziyyət çəkən insanlar ölkəmizdə dövlət qayğısı ilə əhatə olunur, onların müalicəsi istiqamətində mühüm tədbirlər görülür”.

Səhiyyə Nazirliyinin Elmi-Praktik Hemofiliya Mərkəzinin rəhbəri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasının müdiri Elmira Qədimova bu sahədə statistik rəqəmləri iştirakçıların diqqətinə çatdırıb: “Bu gün digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da hemofiliyalı xəstələr ev, stasionar və ambulator şəraitlərdə müalicə alırlar. Hazırda ölkəmizdə dispanser qeydiyyatında olan 1-5 yaş arasında hemofiliyalı xəstələrin sayı 90, 5-15 yaş arasında 244, 15 yaşdan yuxarı 1287 nəfərdir. Göründüyü kimi, hazırda ölkəmizdə qeydiyyatda olan hemofiliyalı xəstələrin təkcə 21 faizini azyaşlı uşaqlar təşkil edir”.

Dünya Hemofiliya Federasiyasının Avropa və Mərkəzi Asiya üzrə direktoru Yulian Tzolov simpoziumun təşkilatçılarına təşəkkürünü bildirərək deyib: “Əsası 1964-cü ildə qoyulan Federasiyamız 1969-cu ildə Dünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb. Bugünkü simpozium Federasiyamız başda olmaqla beynəlxalq və yerli təşkilatlar arasında özünəməxsus və səmərəli müalicə metodlarının, kompleks yanaşmaların müzakirəsi və beynəlxalq səviyyədə sıx əlaqələrin qurulması istiqamətində böyük əhəmiyyət daşıyır”.

Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov, “Hemofiliyalı xəstələr” İctimai Birliyinin sədri Gülnarə Hüseynova ölkəmizdə hemofiliyalı xəstələrə dövlət tərəfindən lazımi diqqət və qayğı göstərildiyini vurğulayıblar.

Simpoziumda yerli mütəxəssislərlə bərabər, Rusiyanın Hematoloji Elmi Mərkəzinin Koaqulopatiyalar üzrə elmi-konsultativ şöbəsinin müdiri Nadejda Zozulia, Qırğız Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya və Hematoloji Mərkəzinin koordinatoru Timur Narbekov, Budapeşt şəhərində Kompleks Hemofiliya Müalicə Mərkəzinin ortoped cərrahı Lajos Bartha, Macarıstan Semmelveis Universitetinin Ortopediya bölümünün dosenti George Kocsis, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun direktor müavini Aziza Mahmudova hemofiliyalı xəstələrin yeni müalicə metodları haqqında məruzə ilə çıxış ediblər. Mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə Ortopedik Simpozium 2008-ci ildə Dünya Hemofiliya Federasiyasının dəstəyi ilə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində GAP Proqramı çərçivəsində keçirilib.



REKLAM