sehiyye.info

İqlim dəyişmələri şəraitində bitki genofondunu qoruyub saxlamaq vacibdir

İqlim dəyişmələri şəraitində bitki genofondunu qoruyub saxlamaq vacibdir
Kənd təsərrüfatı işləri aparılan gündən torpaq sahibləri təqribən üç min bitki növü yetişdiriblər, lakin hazırda ərzaq və yem istehsalı üçün müntəzəm şəkildə onların yalnız 150 növündən istifadə olunur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) himayəsi ilə dünyada böyük bitki genofondu yaradılıb. Bütün dünyanın fermer, alim və seleksiyaçıları bu genofonddan istifadə edə bilərlər.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bunu FAO-nun baş direktorunun müavini Mariya Helena Semedo ərzaq istehsalı və kənd təsərrüfatı işləri üçün bitkilərin genetik resursları haqqında Beynəlxalq Müqavilənin Direktorlar Şurasının bu həftə Romada keçirilən səkkizinci sessiyasında çıxışında xatırladıb. Onun sözlərinə görə, bəşəriyyət ərzaq bitkilərinin zənginliyindən tam istifadə etmir, işlədilən bütün kalorilərin yarısından çoxunun mənbəyi cəmi üç bitkidir: çəltik, buğda və qarğıdalı.

Mariya Helena Semedo vurğulayıb: “Bitkilərin geniş spektrinə və onların genetik resurslarına malik olmasaq, sağlam və məhsuldar həyat üçün zəruri olan keyfiyyətli qidanı təmin edə, bitkilərimizi iqlim dəyişmələrinə uyğunlaşdıra və bütövlükdə dayanıqlı inkişaf sahəsində Hədəflərə müvəffəq ola bilmərik. Növlərdən nə qədər az istifadə ediriksə, bir o qədər çox itiririk”.

O bildirib ki, bu müqavilənin FAO-nun himayəsi ilə qüvvəyə mindiyi gündən keçən 15 il ərzində ərzaq istehsalı və kənd təsərrüfatı işləri üçün bitki materialının mübadiləsi məqsədi ilə dünyada çox böyük genofond yaradılıb. Bu genofond sayəsində fermer və seleksiyaçılar ən mühüm 64 kənd təsərrüfatı bitkisinə aid nəhəng genetik materialdan istifadə imkanı əldə edib. Qeyd edək ki, bitki mənşəli qida məhsullarının 80 faizi məhz bu bitkilərdən hazırlanır.

Bu yaxınlarda müqaviləyə Gürcüstan və Monqolustan qoşulub. Ümumən 145 ölkə və Avropa İttifaqı müqavilənin üzvüdür. Dövlətlər müqaviləni ratifikasiya etməklə, genetik müxtəliflikdən və bu müxtəlifliklə əlaqədar onların gen banklarında saxlanılan bitkilər barədə informasiyanı təqdim etməyə razılıq verirlər.



REKLAM