Kasıb insanlar piylənmədən daha çox əziyyət çəkir - Dietoloqdan həyacan təbili
2019-cu ilin əvvəlinə müalicə - profilaktika müəssisələrində piylənmə diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 5707 nəfərdir.
Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumi xəstələrin 2351-i kişilər, 3356-sı isə qadınlardır.
Qeydə alınan xəstələrin 1346 nəfəri 0-17 yaşlı uşaqlardır. Uşaqların 740-ı oğlan, 606-sı isə qızlar olub.
Dietoloq, ölkəmizdə diet kitablarının müəllifi, Leyla Zülfüqarova Oxu.Az-a açıqlamasında bildirib ki, piylənmə qlobal problemdir:
“Hər bir xalqın özünəməxsus piylənməyə səbəb kökəlmə faktorları var. Elə xalqlar var ki, piylənməyə qarşı onların genetik meyliliyi azdır. Hazırda dünyada genetik səviyyədə piylənməyə meylilik aktualdır. Bu xromosomların quruluşundan irəli gələn mərhələdir.
Bizim millət olaraq müəyyən streotiplərimiz var ki, onları adət-ənənə şəkilində yaşatmağa davam edirik. Əslində insanlar görüntü şəklində qlomur həyat tərzinə uyğun olaraq sağlam həyat tərzinə, bəslənməyə keçsələr də, amma reallıqda piylənməyə səbəb faktoru hələ də qalmaqdadır.
Ümumiyyətlə, piylənmənin individual səbəbləri var. Amma insanlar önəmli olan individual bəslənməni unudur. Biz ölkə olaraq daha çox kabrohidrat mübadilə pozluğundan əziyyət çəkirik. Müraciət edən hər 10 nəfərdən 8-də bu faktor var. Bizim coğrafiyanın tələb etdiyi qidaların əksəriyyəti daha çox kabrohidratlıdır. Çox az sayda protein qidalar mətbəximizdə istifadə olunur. İnsanlar arasında maariflənmə olsa da, insanlar yenə də sevdikləri qidalardan tam əl çəkə bilmir.
Həmçinin gün ərzində yemək saatlarını ötürdüyümüz zaman bir dəfəyə xeyli qidalanırıq. Bu daha çox aktiv işləyən gənclərə, ofis və oturaq şəkildə çalışan işçilərə aiddir. Vaxtında yeməyi yeməyib bir dəfəyə daha çox porsionu qəbul etmək piylənməyə səbəbdir.
Piylənmənin yaşı cavanlaşıb. Çox stresli ortamda yaşayırıq. Ölkəmiz sanki tam stresin ortasındadır. Ona görə də daha çox emosional xalq sayılırıq. Emosional olmağımız bu cür xəstəliklərin çoxalmasına səbəb olur.
Ciddi səbəblər, genetik faktorlar, pisdə bəslənməyən insanlarda da piylənmə olur. Bizim insanlar ağıllıdır. Deyilənləri eşidir. Bu səbəbdən piylənmə stresə bağlıdır”, deyə dietoloq bildirib.
Leyla Zülfüqarova bütün yeməklərimizdə istifadə edilən kartofun çörəkdəndə təhlükəli olduğunu qeyd edib:
“Mətbəximizin şah yeməklərini çox təriflədiyimiz zaman insanların piylənmə prosesi davam edəcək. Bu siyahıya bozbaş, aş, şirincay və kartoflu yeməklər daxildir. Hər gün gündəlik evlərimizdə bişirilən yeməklərimizin tərkibində kartof var. Bu ciddi problemdir. Çünki kartoflu yeməkləridə çörəklə yeyirik. Hətta klassik mərci supunda kartof olmasa da, bizlər ona da kartof qatırıq. Əgər piylənməyə meylilik varsa, kartof çörəkdən də təhlükəlidir.
Bizdə genetik və karbohidrat mübadiləsi prosesi illərlə davam edir. Bu proses ildən-ilə artır.
Əslində ən çox aşırı piylənmədən əziyyət çəkən insanlar maddi rifahı yaxşı olanlar deyil. Burjua cəmiyyətində daha çox imkanlı insanların heç biri çox ciddi piylənmədən əziyyət çəkməyib. Çünki sağlam qidalar əslində proteinlərdir. Onlarda bahalı qidalardır. Məsələn, insanlar balıq və kartof seçimi qarşısında qalanda kartof ucuz olduğu üçün onu seçirlər”.
Dietoloq qadınların piylənmədən daha çox əziyyət çəkməsinə gəlincə, onlarda hormonların kişilərdən artıq olmasını əlavə edib:
“Hər kəsin özünə məxsus kökəlmə səbəbi ola bilər. Ona görə də mütləq şəkildə müayinə olunmaq lazımdır. Məsləhət alaraq arıqlama düzgün deyil. Doğru bəslənmək lazımdır. Əgər insanlar 5-6 kilodan çox kökəlirsə, klassik qaydalara, kimlərinsə üsullarına əsasən arıqlamaq olmaz. Çünki xanımlar arıqlasada, onlarda ciddi səbəblər güclənə bilər. Tibbi səbəblər bilinməlidir.
Ölkəmizdə daha çox hormonal mənşəli kökəlmə üstündür. Ümumi olaraq piylənmənin iki növü var. Səhv qidalanma və hormonal pozqunluq nəticəsində piylənmə bura daxildir.
Hazırda səhv qidalanmadan piylənmə daha aktivdir. Qadınların hormonları daha çox olduğu üçün onlarda piylənmə üstünlük təşkil edir. Bunun səbəbləridə müxtəlifdir.
Eyni zamanda, qadınlar dəfələrlə səhv üsullarla arıqlayırlar. Bir müddətdən sonra isə yenidən həmin kiloları geri alırlar. Çünki düzgün diaqnoz qoyulmur. Səbəblər axtarılıb tapılmalıdır.
Azərbaycan piylənmənin ciddi səbəbləri olan ölkələr sırasında ilk beşlikdə ola bilər”.