sehiyye.info

Qurğuşunla zəhərlənmənin qarşısının alınması üzrə beynəlxalq tədbirlər həftəsi davam edir

Qurğuşunla zəhərlənmənin qarşısının alınması üzrə beynəlxalq tədbirlər həftəsi davam edir
Qurğuşunla zəhərlənmə uşaqların inkişafını ləngidir, onların əqli qabiliyyətlərinin zəifləməsinə səbəb olur. Bu ciddi problem ölümlə də nəticələnə bilər. Dünya Səhiyyə Təşkilatında (DST) xatırladıblar ki, bu maddə azyaşlı uşaqlar üçün xüsusilə təhlükəlidir.

Sehiyye.info xəbər verir ki, DST ekspertlərinin fikrincə, qurğuşunla zəhərlənmə hallarının qarşısını almaq mümkündür. Bununla belə, 2017-ci ildə 1 milyondan çox insanın ölümünə səbəb məhz qurğuşunla zəhərlənmə olub.

Bu metal insanın sağlamlığına uzunmüddətli mənfi təsir göstərir. Belə hallardan ən çox zərər çəkən inkişaf etməkdə olan ölkələrdir.

Oktyabrın 20-dən 27-dək DST qurğuşunla zəhərlənmənin qarşısının alınması üzrə beynəlxalq tədbirlər həftəsi keçirir. Bu tədbirin məqsədi tərkibində qurğuşun olan rənglərdən istifadə edilməsinə son qoymaqdır.

Hazırda tərkibində qurğuşun olmayan yaxşı əvəzedicilərin mövcud olmasına baxmayaraq bir sıra ölkələrdə dekorativ işlər üçün hələ də tərkibində yüksək miqdarda qurğuşun olan rənglərdən geniş istifadə edilir.

BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və DST tərəfindən aparılmış rəy sorğusu nəticəsində məlum olub ki, 2019-cu il iyulun 31-i üçün olan məlumata görə, tərkibində qurğuşun olan rənglərdən istifadə edilməsinə nəzarət normaları yalnız 72 ölkədə hüquqi baxımdan qüvvədə olub.

Əlbəttə, bu problemin həlli üçün hələ çox iş görülməlidir. Qurğuşunla zəhərlənmənin qarşısının alınması üzrə beynəlxalq tədbirlər həftəsinin əsas məqsədi qurğuşunun təhlükəli olması barədə insanların məlumatlılıq səviyyəsini artırmaq və qurğuşunlu rənglərdən imtina etməyin zəruri olduğunu xatırlatmaqdır.AZERTAC



REKLAM